Paytaxtın Bakıxanov küçəsində yerləşən evlərdən birindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxslər evə daxil olaraq oradan müxtəlif firmalara məxsus qızıl-zinət, geyim əşyaları, o cümlədən iki ədəd müvafiq sənədləri olan ov tüfəngi oğurlayıblar. Hadisə zamanı zərərçəkən ev sahiblərinə ümumilikdə 9 000 manata yaxın maddi ziyan dəyib.
Nəsimi rayon Polis İdarəsi və 20-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Əli Allahverdiyev və Etibar Cabbarov saxlanılıb.
Hadisə günü saxlanılan şəxslər oğurluğa Etibar Cabbarova məxsus “KIA” markalı avtomobillə gediblər. Onlardan mənzildən oğurlanan əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Nəsimi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
İdarəyə Eltun adlı şəxsin üzərində qanunsuz silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, İmişli rayon sakini Eltun Məmmədov Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.