Bakının Nizami rayonunda xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhddə ittiham olunan Elxan Məlikovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Mirzə Xankişiyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə Nizami rayonundakı “Lotos” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. Hacıqabul rayon sakini, 1993-cü il təvəllüdlü Sirac Mayılov Elxan Məlikovla mübahisə edib.
Mübahisə zəmanı Elxan Məlikov Sirac Mayılova ürək və qarın nahiyələrinə çoxsaylı bıçaq xəsarətləri yetirib və hadisə yerini tərk edib.
Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Elxan Məlikov həbs edilib.
İstintaq orqanı tərəfindən Elxan Məlikovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.