Şirvan Apelyasiya Məhkəməsində narkotik vasitələri saxlamaqda ittiham olunan Lənkəran şəhər sakini, 1968-ci il təvəllüdlü Gülbala Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Gülbala Məmmədov 2014-cü ilin fevral ayının 27-də Lənkəran şəhəri ərazisində həbs edilib. Onun üzərinə keçirilən baxış zamanı 0,332 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib.
Gülbala Məmmədov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilib. O, Lənkəran şəhər Məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən Baş Prokurorluq narazı qalıb və apelyasiya şikayəti verib. Baş prokurorun müavini Namiq Əsgərovun imzası ilə verilən apelyasiya şikayətində Gülbala Məmmədovun cəzasının ağırlaşdırılması tələb edilib. Həmçinin prokurorluq Gülbala Məmmədovun 8 yanvar 2013-cü ildə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini hazırkı hökmlə birləşdirilməsini tələb edib. Həmçinin Gülbala Məmmədov da apelyasiya şikayəti verib və o, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Hər iki şikayət baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, prokurorluğun şikayəti təmin edilib və Gülbala Məmmədovun bundan əvvəlki təyin edilmiş çəkilməmiş cəzası hazırkı hökmlə birləşdirilib. Məhkəmə Gülbala Məmmədovun çəkilməmiş 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını hökmə əlavə edib. Hakimlər onun həbslə bağlı cəzasını dəyişdirlmədən saxlayıblar.
Qeyd edək ki, Gülbala Məmmədov bundan əvvəl Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 3 ay müddətə azadlıqdan məhrum edilib. “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 7 may 2013-cü il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə o, çəkilməmiş qalan 2 il 20 gün müddətə əsas cəza olan azadlıqdan məhrum etmə cəzasından azad edilib.
Hacı Zeynalov