Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisindəki mənzillərin birindən 1535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılov saxlanılıb.
Bundan başqa, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş A.Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 avtomobildən maqnitofon və akkumulyator, habelə 1 mağazadan 80 manat dəyərində ərzaq məhsulları oğurlaması müəyyən edilib.
Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mağazadan oğurluq etdiklərinə görə tutulmuş Z.Atapur və E.Həsənovla birgə olmuş digər şəxs - Qazax rayon sakini İ.Əhmədov da müəyyən edilərək saxlanılıb.
Ətraflarında aparılmış tədbirlərlə onların daha bir mağazadan 2862 manat pul və 1000 manat dəyərində tütün məmulatı oğurlamaları da müəyyən edilib.