Bakıda arvadını öldürməyə cəhd etməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Şəki rayon sakini Rəcəb Məmmədovun arvadı Günel Məmmədova maddi imkanlarının çətin olması səbəbindən ofisiant kimi işləmək istəyib.
Bununla əlaqədar onların arasında mübahisə yaranıb. Yaranmış mübahisə nəticəsində 15 oktyabr 2018-ci il tarixdə birlikdə kirayədə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki mənzildən Rəcəb Məmmədov gedib.
Ertəsi gün, saat 08 radələrində Rəcəb Məmmədov yaşadıqları ünvanın qarşısına gəlib, orada gözləyib. Təxminən saat 10 radələrində evdən çıxan Günel Məmmədovanın arxası ilə gedib, Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, 4 saylı binanın arxasında yerləşən “Şəhrizad” çay evinə daxil olduğunu görüb.
Rəcəb Məmmədov arvadının arxasınca həmin çay evinə girib. O, Günel Məmmədovadan həmin çay evinə hansı səbəbdən gəlməsini soruşub.
Günel Məmmədova həmin yerdə işləmək istədiyini deyib. Bundan əsəbiləşən Rəcəb Məmmədov Günel Məmmədovanın kişilərin yığışdığı yerdə işləməsinə etiraz edib və evə getməsini tələb edib.
Lakin Günel Məmmədova onun sözlərinə məhəl qoymayib. Rəcəb Məmmədov Günel Məmmədovanın öz fikrindən dönməyəcəyini görüb, qısqanclıq zəminində sonuncunu öldürmək qərarına gəlib.
Rəcəb Məmmədov çay evindən çıxıb və yaxınlıqda yerləşən məişət malları mağazasından mətbəx bıçağı alaraq əynindəki gödəkçənin cibinə qoyub.
Daha sonra Rəcəb Məmmədov saat 13 radələrində çay evinə qayıdıb. O, bir daha Günel Məmmədovadan evə getməsini tələb edib və rədd cavabı alıb.
Bundan sonra Rəcəb Məmmədov çay evinin boş zalının qarşısındakı dəhlizdə gödəkçənin cibindəki mətbəx bıçağını çıxardaraq qısqanclıq niyyəti ilə öldürmək məqsədilə Günel Məmmədovanın qarın və boğaz nahiyyəsinə xəsarətlər yetirib.
Həmin vaxt Mehparə Rüstəmova adlı şəxs çay evinə daxil olaraq qışqırdığından Günel Məmmədova vaxtında xəstəxanaya çatdırılıb, ixtisaslı tibbi yardım göstərildiyinə görə onun həyatı xilas olub.
İstintaq orqanı tərəfindən Rəcəb Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəcəb Məmmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan Rəcəb Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Rəcəb Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmədə araşdırılıb və sonda təmin olunmayıb.