24 Avqust 2020 09:29
2 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda tanışını öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Rəşad Dərvişovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin mayın 6-da Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Ceyhun Seyidovun yıxılaraq xəsarət alması və rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Bu zaman yaranın əlamətləri şübhə doğurduğu və qətl ehtimalı yarandığı üçün dərhal təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinə başlanılıb.

Keçirilmiş tədbirlərlə Ceyhun Seyidovu qətlə yetirməkdə şübhəli bilinən, onun yaxın qohumu olan Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Rəşad Dəvrişov tərəfindən törədildiyi müəyyən edilib.

Rəşad Dəvrişov polis əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Dindirilmə zamanı Rəşad Dəvrişov Ceyhun Seyidovla aralarında baş vermiş münaqişə zəminində sonuncuya daxilə nüfuz edən bıçaq zərbəsi vuraraq qətlə yetirdiyini etiraf edib.

Qeyd edək ki, qətlə yetirilən Ceyhun Seyidov qaraçı milliyətindən olub. Onun əvvəllər məhkum olunduğu üzə çıxıb.

Məlum olub ki, hadisə rayon ərazisində məşhur yer kimi tanınan qaraçıların yaşadığı ərazidə baş verib. Orada tərəflər arasında mübahisə yaranıb və sonda qətl hadisəsi törədilib.

Mübahisənin başlanmasına səbəb söyüş söyülməsi olub.

İstintaq orqanı tərəfindən Rəşad Dəvrişovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər