12 Sentyabr 2020 12:23
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda iki nəfəri öldürməyə cəhddə ittiham olunan Elçin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu il mayın 30-da saat 11 radələrində Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında polis şöbəsinin əməkdaşları həmin ünvana gediblər.

Polis əməkdaşları evin həyətyanı sahəsinə daxil olarkən Vüsalə azyaşlı övladı Fatimə ilə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla Vüsaləni təqib edib, kürək nahiyəsindən ona 3 dəfə vurub bədən xəsarəti yetirib, daha sonra Vüsalənin öldürülməsinin qarşısını alan polis əməkdaşı Eşqin Məmmədova da bıçaqla xəsarət yetirib.

Elçin Cəfərov digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb.

Elçin Cəfərov tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

Hadisədən dərhal sonra zərərçəkmiş şəxslər Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

Istintaq orqanı tərəfindən Elçin Cəfərovun barəsində Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər