Slovakiya polisinin xüsusi təyinatlı qrupu iki tanınmış hakimi və onlarla əlbir iki şəxsi korrupsiya şübhəsi ilə həbs edib. Altı nəfərə qarşı isə cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, həbs olunanlar arasında Zilina Əyalət Məhkəməsinin sədri, rayon məhkəmələrindən birinin sədri və təqaüdə çıxmış hakim də var.
2018-ci ilin fevral ayında araşdırmaçı jurnalist Yan Kutsiak və nişanlısı Martina Kuşnirovanın qətlindən sonra slovak polisi ədliyyə orqanlarındakı korrupsiya şəbəkəsinə qarşı təhqiqatlar aparır. Jurnalistin ölümündə sifarişçi kimi adı hallanan milyonçu Marian Koçnerin sistematik şəkildə hakim və prokurorları korrupsiyaya cəlb etməkdə və bu yolla ona qarşı aparılan məhkəmə işlərində bəraət almaqda şübhəli bilinir. Jurnalistin ölüm işinə dair aparılan məhkəmə işində milyonçunun gözlənilmədən bəraət alması mediada və ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. Məhkəmənin qərarı hələ hüquqi qüvvəyə minməyib, çünki prokurorluq tərəfindən bəraətə qarşı yuxarı instansiya məhkəməsinə protest verib.
Qeyd edilməlidir ki, Slovakiya ədliyyə orqanlarında bu kimi həbslər yeni deyil. Bu ilin mart ayında da bir qrup hakim polis tərəfindən həbs olunmuşdu.