24 Sentyabr 2020 00:49
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Taqansk Rayon Məhkəməsi Moskvanın mərkəzində yol-nəqliyyat hadisəsi törətmiş azərbaycanlı reper Elmin Quliyev barəsində həbs qərarı çıxarıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində iki ay – noyabrın 21-ə kimi həbs qəti imkan tədbiri seçilib.

E.Quliyev məhkəmədə təqsirini etiraf edib. O, bildirib ki, musiqidən əldə etdiyi gəlirdən zərərçəkənlərə təzminat ödəməyə hazırdır. Müdafiə tərəfi hakimdən reperi ev dustaqlığı şərti ilə azadlığa buraxmağı xahiş edib, lakin məhkəmə bu vəsatəti rədd edib.

Qeyd edək ki, hadisə sentyabrın 21-də, yerli vaxtla saat 16:20-də (Bakı vaxtı ilə saat 17:20-də) Moskvada, Ostojenko və Pomerançev küçələrinin kəsişməsində baş verib. “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkət edən “Infiniti” ilə toqquşub. Toqquşmanın zərbəsindən səkiyə çıxan “Infiniti” piyadaları vurub.

Qəza zamanı dörd nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya göndərilib, bir nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edb.

İlkin məlumatda bildirilirdi ki, hadisənin baş verməsində “Infiniti”nin sürücüsü E.Quliyev təqsirkardır. O, sürət həddini aşaraq, yolu işıqforun qırmızı işığında keçib.

Azərbaycan əsilli reper yol hərəkəti qaydalarını pozmaqda təqsirli bilinir. Lakin E.Quliyevin qanında narkotik aşkarlandığından ona qarşı əlavə ittihamlar irəli sürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər