15 Oktyabr 2014 14:32
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Heydər Əliyev prospektində bina uçqunu ilə bağlı təqsirli bilinən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və cəmiyyətlə bağlanmış müqavilə əsasında həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, 25 yanvar 2014-cü il tarixdə paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfərin ölməsi faktına görə Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla söküntü işlərini həyata keçirən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və cəmiyyətlə bağlanmış müqavilə əsasında həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədovun “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları” və “Tikintidə təhlükəsizlik texnikası” norma və qaydalarının tələblərini kobud şəkildə pozmalarında əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla həmçinin müəyyən edilib ki, sökülmə işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması iki şəxsin ölümünə səbəb olmaqla yanaşı, həmin ərazidə hərəkətdə olan ayrı-ayrı şəxslərə məxsus avtomobillər də zədələnərək ümumilikdə 19.187 manat dəyərində ziyan dəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərinin yüngülləşdirilməsini istəyiblər.

Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilib və onaların hər birinin barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Həmçinin onların cəzalarını məntəqə tipli cəza çəkmə müəssəsində çəkmələri müəyyən olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər