13 Oktyabr 2020 15:04
2 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tanışını bıçaqlamaqda ittiham olunan 1998-ci il təvəllüdlü Taleh Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Taleh Cəfərovu Binəqədi qəsəbəsində yaşayan tanışı Ağaxan Xankişiyev “Whatsapp”da nalayiq ifadələrlə təhqir edərək, anasını söyüb, nəticədə onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Taleh Cəfərov mətbəxdən götürdüyü və üzərində gizlətdiyi bıçaqla Ağaxan Xankişiyevi vurub.

Taleh Cəfərovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh Cəfərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, qeyd edib ki, "Azərkonnekt"in smartfonunda montajçı rabitəçi işləyir: “Ağaxanla uşaq vaxtdan tanışıq. Ağaxan Qobu qəsəbəsində yaşasa da, mütəmadi olaraq Binəqədi rayonu DSK yolu Avtopark deyilən yerin yaxınlığında qaçqınların yaşadığı binaya nənəsigilə gəlib gedirdi. Onunla uşaq vaxtından görüşüb, bir yerdə oynamışıq. Ağaxan məndən 3-4 yaş böyükdür.

Hərbi xidmətdə qulluq edib, qayıtdıqdan sonra da Ağaxanla münasibətimiz normal olub. Arada bir DSK yolundakı kafedə çay və ya pivə içmişik. Bir bakal pivə məndə sərxoşluq yaratdığına görə pivə içməkdən imtina edirdim. Ağaxan isə bir neçə bakal pivə və ya spirtli içki içən kimi mənimlə pis zarafatlar edirdi. Hər dəfə Ağaxana irad tuturdum, mənimlə zarafat etməməyi deyirdim.

Mənimlə ana-bacı zarafatı edirdi, dəfələrlə ona etirazımı bildirirdim”.

Taleh Cəfərovun ifadəsinə görə, hadisə baş verən günü saat 23 radələrində Ağaxan onun vhatsappına səs yazısı ataraq zarafat etməyə başlayıb: “Beləcə aramızda sözlə mübahisə yarandı. Ağaxan nalayiq söyüş işlədərək gəlib məni döyəcəyini bildirdi. Cavab verdim ki, gəlib dediyini etməyən oğlanın kişiliyi yoxdur.

Bir neçə dəqiqə sonra Ağaxan vhatsappda səs yazısı atdı ki, məhəlləyə çıx, gəlirəm. Mən də mətbəxdən balaca bıçağı götürərək kəmərimə keçirdim, məhəlləyə çıxdım. Məhəllədə Ağaxan mənimlə görüşmədən boğazımdan tutaraq divar tərəfə itələdi. Həmin vaxt yenə var-yox, ana söyüşü söydü. Buna dözmədim, bıçağı çıxararaq qorxutmaq üçün ona doğru uzatdım.

Ağaxan bıçaq çıxardığıma görə məni pis söyüşlər söyərək, məhəllə arası yolla qaçdı. Onun arxasınca qaçdım ki, söhbət edim”.

Taleh Cəfərov qeyd edib ki, bir az sonra Ağaxan dayanıb: “Ona yaxınlaşdım ki, söhbət edərək mübahisədən yayınaq. Ağaxan “sən mənə bıçaq çıxarmısan” dedi. Mən də Ağaxana sakit olmasını dedim.

O, yenə məni nalayiq söyüşlərlə təhqir etdi, anamı söydü. Mən də əlimdəki bıçaqla Ağaxanın sol döş qəfəsindən vurdum. 5-6 saniyə sonra Ağaxan yerə yıxıldı. Onun kürəyindən tutaraq yolun kənarına çəkdim, əynindəki qara-göy rəngli qolu uzun köynəyi çıxardım, cıraraq yarasını sarıdım.

Sonra Ağaxanı qollarımda Emin market tərəfə apardım. Orada qonşu Qorxmazla rastlaşdım və ona adam bıçaqladığımı, yaralı olduğunu dedim. Həyəcanlı olduğumdan Emin marketdən dükanın sağ tərəfi ilə evə qaçdım. Qorxmaz da Ağaxanı evə gətirdi. Atam Firudin və qonşum Qorxmaz 103 xidmətinə zəng etdi, təcili tibbi yardım çağıraraq Ağaxanı 1 saylı Kliniki Tibbi Mərkəzə apardılar”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Cəfərov 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər