İsmayıllı rayounda qətl hadisəsi törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Şirxan Əzimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Bilal Məmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, mayın 7-si saat 11 radələrində 1972-ci il təvəllüdlü Ağasəf Soltanovun meyitinin güllə yarası xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İlkin istintaqla 2000-ci il təvəllüdlü Şirxan Əzimovun aralarında şəxsi münasibətlər zəminində yaranan münaqişə səbəbindən qisas almaq məqsədilə mayın 7-də saat 9 radələrində rayonun Müşgəmir kəndi ərazisində ov tüfəngi ilə Ağasəf Soltanova 3 dəfə atəş açmaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Şirxan Əzimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.