Abşeron rayonunda hamilə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən 1997-ci il təvəllüdlü Şəmil Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Şəmil Abdullayev nikahlarını rəsmi qaydada qeydiyyata aldırmadan birgə yaşadığı, ikinci uşağa hamilə olan arvadı Səbinə Atababayeva ilə mübahisə edib.
2019-cu ilin mart ayında Səbinə Atababayeva Şəmil Abdullayevdən ayrılıb və atasının evinə gedib.
Şəmil Abdullayev arvadını birgə yaşadıqları Ağstafa şəhərinə qaytarmaq üçün qayınatasına məxsus Abşeron rayon Fatmayi qəsəbəsində evə gəlib. O, arvadı ilə görüşsə də, onun razılığını ala bilməyib.
Hamilə qadına qarşı dəhşətli cinayət
Daha sonra o, eyni məqsədlə növbəti dəfə 16 may 2019-cu il tarixdə, saat 19.00-da qayınatasının ervinə gəlib. Azyaşlı övladını əzizlədikdən sonra evin mətbəxində tək olan Səbinəyə yaxınlaşıb, söhbət əsnasında ona ailəni bərpa etməyi, birgə yaşadıqları evə qayıtmağı təkidlə tələb edib.
Bu zaman Şəmil Abdullayev arvadının qəti etiraz etdiyini görüb qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. O, arvadına üç bıçaq xəsarəti yetirib.
Şəmil Abdullayevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
“Aramızda sevgi hissləri yarandı”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şəmil Abdullayev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, 2017-ci ildə Bakı şəhərində yaşayıb: “Bu müddətdə Səbinə ilə tanış oldum, aramızda sevgi hissləri yarandı. Səbinəyə ailə qurmağı təklif etdim, amma onun valideynləri ailə qurmağımıza narazı oldular.
Səbinənin razılığı ilə ailə qurmaq məqsədilə onu 8 may 2017-ci il tarixdə qaçırdım və valideynlərimin yaşadığı Ağstafa şəhərinə apardım. Səbinənin anası mənim barəmdə Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə ərizə yazaraq qızının zorla qaçırıldığını bildirdi. Bununla bağlı araşdırma aparıldı. Səbinənin izahatı alındı.
Səbinə ailə qurmaq üçün özü mənə könüllü qoşularaq rayona getdiyini bildirdi, valideynlərinin yanına qayıtmaqdan imtina etdi. Polis orqanı bizi sərbəst buraxdı”.
“Əməlindən əl çəkmədi”
Şəmil Abdullayev bildirib ki, Səbinə ilə ailə qurub və valideynləri ilə bir evdə Ağstafa şəhərində yaşayıblar: “Bu nikahdan 1 aprel 2018-ci ildə Aslan adlı oğlum olub. Səbinə ana olduqdan sonra tamamilə dəyişdi, anam Baharla konfliktlərə girdi, mənimlə kinli davranmağa, atamı saymamağa başladı. Səbinənin bu hərəkətlərindən ailədaxili mübahisələr yarandı. Onu tənbeh etməyə çalışsam da, Səbinə əməlindən əl çəkmədi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilin mart ayının sonlarında qayınanası Mehriban onlara gəlib: “Mehriban qızı Səbinəyə pis münasibət göstərildiyini iddia edərək qızını və nəvəsini Bakı şəhərinə apardı. Səbinə anası ilə ata evinə gedərkən ikinci uşağa 6-7 aylıq hamilə idi.
Söhbətlərdən belə başa düşdüm ki, Səbinə bilərəkdən anasına giley edib, anasından gələrək onu aparmasını tələb edib. Buna baxmayaraq düşündüm ki, Səbinənin bu hərəkətləri hamiləliyi ilə əlaqədardır, ata evinə gedib, bir müddət qaldıqdan sonra ailəsi üçün darıxar, geri qayıdar.
Mobil telefonu olmadığından ata evinə gedəndən sonra Səbinə ilə şəxsən telefon əlaqəsi saxlaya bilmədim. Ara-sıra qayınanam Mehribanın mobil telefonuna zəng etmişəm, oğlum Aslan və arvadım Səbinə ilə maraqlandıqda, qayınanam ünvanıma alçaldıcı ifadələr işlədir, qızından və nəvəsindən uzaq durmağımı tələb edirdi. O, Səbinə ilə danışmağıma imkan vermirdi”.
“Telefon kimindir, kimə SMS yazırsan?”
Şəmil Abdullayevin ifadəsinə görə, bir müddət keçdikdə ailəsiz qala bilməyib: “2019-cu ilin may ayının əvvəllərində qərara gəldim ki, Səbinənin arxasınca qayınatamgilə gedim. Əgər Səbinə ailəmdən və məndən küsübsə, nəyin bahasına olur-olsun barışaraq onu rayona valideynlərimin yanına qaytarım.
Bakı şəhərində Səbinə ilə görüşdüm. Ona Ağstafa şəhərinə qayıdaraq birgə yaşamağı təklif etsəm də, Səbinə rayonda yaşamaq istəmədiyini, bir daha rayona getməyəcəyini bildirdi. Mənimlə danışmaq istəmədiyini dedi.
Hadisədən bir neçə gün əvvəl növbəti dəfə Səbinəni görmək üçün yanına gedərkən qayınanam Mehriban və baldızım Samirə mənimlə pis rəftar etdi. Səbinənin isə əlində mobil telefonla kiməsə SMS yazdığını gördüm.
Ondan “telefon kimindir, kimə SMS yazırsan”, - deyə soruşdum. O, “telefon bacım Samirənindir, bir də bunun sənə nə aidiyyəti var?!”, - deyərək kobud cavab verdi. Səbinənin hərəkətlərinə və verdiyi kobud cavaba əsəbləşdim, oranı tərk etdim”.
“Oğlumu öpdüm, əzizləyərək oynatdım”
Təqsirləndirilən şəxs bildirib ki, hadisədən iki gün əvvəl yenə Səbinəni görmək üçün onlara gəlib: “Səbinəyə yaxın günlərdə ikinci uşağa ana olacağını, iki körpə uşaqla şəhərdə yaşayıb, dolanmağın çətin olduğunu izah etdim. Səbinə sözlərimə əhəmiyyət vermədi. Mayın 16-da qərara gəldim ki, Səbinəni görüb, münasibətlərimizə aydınlıq gətirim. Bu məqsədlə saat 16-17 radələrində evdən gedərkən uzaq qohumum Qasımla rastlaşdım. Ona dedim ki, qayınatamgilə gedib, oradan arvad-uşağımı rayona aparacam, yükü ağır ola biləcəyi üçün çantalarımı avtovağzaladək aparmasında mənə kömək etsin. Qasım razılaşdı, birlikdə qayınatamgilə yollandıq.
Təxminən saat 18.00-da qayınatam Ağasəfin yaşadığı çatdıq. Bu zaman haradansa gələn qayınatam bizimlə görüşdü. Ağasəfə Səbinəni rayona aparmaq istədiyimi bildirdim. Sonuncu mənə “sizdə alınmır, icazə verə bilmərəm onu aparasan”, - deyə cavab verdi. Bu ifadə mənə pis təsir etdi. Qayınatama arvad-uşağımı görmək üçün gəldiyimi təkrar etdim. Ağasəf evə keçərək azyaşlı oğlum Aslanı gətirdi. Oğlumu öpdüm, əzizləyərək oynatdım”.
“Rədd ol, çıx get buradan, səni görmək istəmirəm!”
Şəmil Abdullayev qeyd edib ki, bu vaxt arvadı Səbinə, baldızı Samirə, Səbinənin bibisi Bahar və qayınatası Ağasəf onun yaxınlığında olublar: “Səbinədən evə getməyi xahiş etdim. Bizim sərbəst danışmağımız üçün Ağasəf həyətə düşdü, Qasımla söhbət etməyə başladı. Samirə və Bahar isə qonaq otağına keçdi. Səbinə sözlərimə diqqət etmədi və mətbəxə keçdi. Onun arxasınca mətbəxə daxil oldum. Orada onunla xeyli söhbət etdim, onu barışığa gətirməyə çalışdım. Səbinə razılaşmadı.
Ona dedim ki, nə şərt qoysa, yerinə yetirəcəm, amma məndən ayrılmasın. Səbinə isə üzünün ifadəsi ilə saymazyana, ata evindən heç yana getməyəcəyini, mənimlə barışmayacağını bildirdi. Mətbəxdə Səbinə ilə tək olduğumdan, onun sözlərinə dözmədim. Ağlayaraq yenə barışmağı təklif etdim. Səbinə “rədd ol, çıx get buradan, səni görmək istəmirəm!” dedim.
Səbinənin son vaxtlar mənə qarşı kobud və saymazyana hərəkətləri, mobil telefondan istifadə etməsinə icazə vermədiyim halda, ata evinə gələndən sonra telefon alıb, mənim yanımda oyun oynayaraq kiməsə SMS yazması, mənimlə barışmayıb, ərsiz daha sərbəst yaşamağa üstünlük verməsi mənə pis təsir etdi”.
“Qışqıraraq üzərimə yeridi”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Səbinənin qərəzli hərəkətlərini, birgə yaşamaqdan imtina etməsini gördükdə ondan qisas almaq qərarına gəlib: “Mətbəxdə masa üzərində olan bıçağı götürdüm, Səbinənin döş qəfəsinin ön hissəsindən zərbə endirdim. Səbinə bu vaxt “ay papa!” deyib onu köməyə çağırdı. Başa düşdüm ki, Səbinənin ailə üzvləri evdədir, Səbinənin qışqırıq səsinə dərhal köməyə gələcəklər. Onlar gəlib çatsalar bıçaq zərbələrini davam etdirə bilməyəcəm. Bu səbəbdən Səbinənin ailə üzvləri gələnədək, onun bədəninin müxtəlif nahiyələrindən ardıcıl və surətli zəbələr endirməyə başladım.
Amma Səbinə o tərəf-bu tərəfə dartınaraq zərbələrdən yayındığından, zərəbələrin bəzisi onu tutmadı. Növbəti bıçaq zərbəsindən Səbinə müvazinətini itirdi, döşəməyə dəydi. Yerdən qalxmağına imkan verməyib bıçaq zərbələrini davam etdirdim. Səbinənin səsinə baldızım Samirə gəldi.
Samirə mətbəxə daxil olan kimi hərəkətlərimi dayandırdım, əlimdə bıçaq mətbəxi tərk etdim. Bu vaxt dəhlizdə qayınatam Ağasəflə rarştlaşdım. Ağasəf qışqıraraq üzərimə yeridi. Qaçaraq evi tərk etdim. Əlimdəki bıçağın Ağasəfə dəydiyini görməmişəm.
Həyətə düşərkən Qasıma Səbinəni bıçaqla vurduğumu dedim. Qasım əlimdə bıçağı gördükdə ağladı. Birlikdə həyəti tərk etdik, bıçağı həyətin çöl tərəfində darvazanın yaxınlığında yerə atdım”.
“Törətdiyim cinayəti etiraf etdim”
Şəmil Abdullayev qeyd edib ki, oradan Xocasən kəndinə qayıdıb: “Paltarları üzərində zədə, dartınma, süzülmə əlamətlərinin, qan ləkələrinin olub-olmadığına diqqət etmədim. Hadisə zamanı hər hansı zədə və xəsarət almamışam. Qasıma rayona gedərək valideynlərim ilə vidalaşaraq özüm polis idarəsinə könüllü təslim olacağımı dedim, həmin gün evdə qaldım.
Mayın 17-də səhər 11.00-da Lökbatan qəsəbəsindən Ağstafa rayonuna gedən avtobusa mindim. Ağstafda valideynlərimə törətdiyim cinayət hadisəsi barədə məlumat verdim. Bu arada rayon polis şöbəsinə zəng etdim. Atam məni axşam saatlarında Ağstafa rayon polis şöbəsinə apardı. Orada törətdiyim cinayəti etiraf etdim”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəmil Abdullayev 15 il müddətinə azadlıqdan məhrum edilib.