30 Oktyabr 2020 14:10
3 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadını bıçaqlamaqda ittiham olunan Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Elməddin Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Elməddin Fərhadov kirayədə yaşadığı evin həyətində sərxoş vəziyyətdə həmin evdə kirayədə yaşayan əvvəllər tanımadığı Nərgiz Əliyevanı təhqir edib, heç bir əsaslı səbəb olmadan özündə olan bıçaqla ona zərbələr vurub.

İstintaq orqanı tərəfindən Elməddin Fərhadovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elməddin Fərhadov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, 2019-cu il tarixdə Bakı şəhərinə gəlib və Türkan qəsəbəsində yerləşən daş karyerinə gedib: “Orada əvvəllər tanıdığım Ariflə bir nəfər şəxsin işlədiyini gördüm və onlara yaxınlaşdım. Sonradan Arifin yanındakı şəxsin Taleh olduğunu bildim. Arifgilə işləmək istədiyimi dedim, onlar razılaşdılar. Bundan sonra Arifgillə işlədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, günün sonunda pulu bölüşdürüb və hərələrinə 21 manat pul qalıb: “Taleh mənə Bülbülə qəsəbəsində qalmağı təklif etdi, karyerin həmin yerə yaxın olduğunu bildirdi. Mən də razılaşdım və Talehlə onun yaşadığı evə getdik. Yolda spirtli içki və ərzaq aldıq. Evə çatandan sonra Talehlə yeyib-içdik və sonra da yatdıq”.

Elməddin Fərhadovun ifadəsinə görə, səhər saat 10 radələrində yuxudan oyanıblar: “Taleh yenə də gedib spirtli içki və səhər yeməyi üçün ərzaq aldı. Bir az keçdikdən sonra əvvəllər tanıdığım Talehin dostları - Niyaz və Feruz da ora gəldi. Dördümüz yeyib-içdik və saat 14.30-da Feruz və Niyaz getmək istədilər. Taleh də onları yola salmağa çıxdı.

Taleh bir az gec gəldiyi üçün onun harada olduğunu bilməkdən ötrü qapıya tərəf getdim. Həmin vaxt küçəyə açılan qapının yanında digər bir açıq qapı da var idi. Qapıdan içəri baxanda yaşlı bir qadının oturduğunu gördüm. Ondan Talehin harada olduğunu soruşmaq istədim. Sərxoş olduğum üçün səhvən Arifin harada olduğunu soruşduqda, qadın ayağa qalxaraq mənə tərəf gəldi. O, mənim və Arifin ünvanına nalayiq sözlər dedi. Mən də nə olduğunu başa düşmədim. Həmin qadından üzr istədim, yaşadığı otağa qayıtdım.

Otağa gedəndən bir neçə dəqiqə sonra həmin qadın gəldi, açıq pəncərədən yenə də məni təhqir etdi. Mən yenə üzr istədim. Ancaq qadın təhqirə davam etdi.

Bir az sonra ev sahibi Yusif gəlib məndən qadını niyə narahat etdiyimi soruşdu və “yüklərini də götür, buradan çıx get” dedi. Bundan sonra əsəbləşdim. Həmin qadını vurmaq üçün masanın üstündə olan balaca bıçağı götürərək otaqdan çıxdım. Otağın qarşısında Yusiflə həyat yoldaşı dayanmışdı. Dar keçidlə küçə qapısına yaxınlaşanda qapının yanında həmin qadının dayandığını gördüm. Məni görən kimi “gördün, səni necə burdan çıxartdım” dedi.

Həmin vaxt əsəbləşərək bıçaqla qadına iki zərbə vurdum. Sonra küçəyə çıxaraq qaçmağa başladım. Mərkəzi yola çıxdım, avtobusla dostum İlhamın yanına getdim”.

Elməddin Fərhadov bildirib ki, axşam saat 23 radələrində isə oradan Abşeron rayonunda olan daş karyerinə gedib və gecəni orada qalıb: “Növbəti gün Hacıqabul rayonunun Atbulaq kəndinə ailəmin yanına qayıtdım. Bir neçə gündən sonra kəndin sahə inspektoru mənə yaxınlaşdı və Bakı şəhərində 31-ci polis bölməsində işləyən Ziya müəllimlə məni danışdırdı. Ziya müəllim mənə polis bölməsinə gəlməli olduğumu dedi. Mən də razılaşdım və həmin gün 31-ci polis bölməsinə getdim.

Qadının bədəninin hansı hissələrinə xəsarət yetirdiyimi xatırlamamışam. Həmin zaman sərxoş olmuşam. Qadın məni təhqir etdiyinə görə onu bıçaqla vurmuşam”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nərgiz Əliyeva bildirib ki, Bülbülə qəsəbəsində Yusif adlı şəxsin evində kirayədə tək yaşayır: “Hadisə baş verən günü, saat 12 radələrində yuxudan qalxdım və çarpayıda olan zaman bir nəfər tanımadığım şəxsin otağa girdiyini gördüm. Ondan otaqdan çıxmağı tələb etdim. Qışqırandan sonra otaqdan çıxdı, yaşadığı yerə tərəf getdi. Bu vaxt ev sahibi Yusif gəldi, ona “evin pulunu ver, çıx get” dedi.

Bundan sonra həmin şəxs mənim otağımın qarşısına gəldi, söyüş söyməyə başladı. Mən də onun getməsini tələb etdim. Bıçaqla əvvəlcə sol kürək nahiyəmdən, sonra isə sol süd vəzimdən vurdu. Yusif və həyat yoldaşı Aqilə gəldi. Dərhal taksi ilə məni 3 saylı xəstəxanaya apardılar. Həmin gənc oğlan sərxoş vəziyyətdə mənim yatdıq otağıma girmişdi. Onu təhqir etməmişəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elməddin Fərhadov 7 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər