17 Oktyabr 2014 21:38
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 ayda 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb. Bu statistika hansısa müharibənin acı nəticələrinin deyil, Bakıda son 9 ay ərzində qəzaların dəhşət saçan rəqəmlərinin göstəricisidir. 9 ay ərzində Bakının inzibati ərazisində baş verən yol qəzalarının əksəriyyəti Heydər Əliyev prospektində (32 hadisə), Nobel prospektində (26 hadisə), Zığ yolunda (22 hadisə), Azadlıq prospektində (18 hadisə), Ziya Bünyadov prospektində (18 hadisə), Mərdəkan-Bakı yolunda (6 hadisə), Mərdəkan-Buzovna yolunda (16 hadisə) qeydə alınıb.

Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən verilən məlumata görə, 2014-cü ilin 9 ayı ərzində paytaxtın inzibati ərazisində 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə qəzaların sayı 73 fakt (ötən il 752 fakt), ölənlərin sayı 21 nəfər (ötən il 258 nəfər), xəsarət alanların sayı isə 102 nəfər (ötən il 769 nəfər) azalıb.

Baş vermiş qəzalar nəticəsində həlak olanlardan 164 nəfəri kişi, 59 nəfəri qadın, 14 nəfəri uşaq, yaralananların isə 431 nəfəri kşi, 189 nəfəri qadın, 47 nəfəri uşaqdır.

Hadisələrin baş verməsinin əsas səbəbləri sürət həddinin aşılması (40,1 faiz), ötmə qaydalarının pozulması (31,5 faiz), yolayrıcılarını keçmə qaydalarının pozulması (7,1 faiz), avtomobilin sərxoş halda idarə edilməsi (1,5 faiz) olub.

Hadisələrin növləri arasında toqquşmalar (31,2 faiz), aşmalar (21,1 faiz), avtomobillə piyadaların vurulması (51 faiz), maneəni vurmalar (9,7 faiz) çoxluq təşkil edib.

Piyadaların vurulması nəticəsində 118 nəfər (il ərzində qəzalarda ölənlərin 49,8 faizi) ölüb, 251 nəfər (il ərzində qəzalarda yaralananların 37,6 faizi) yaralanıb.

Bəs bu qədər yol-nəqliyyat hadisəsinin baş vermə səbəbi, yollarda olan çoxsaylı ölüm hallının səbəbi nədir?

İstifadə edilməyən keçidlər

Rəhman adlı şəxs deyir ki, piyada keçidindən istifadə etmədiyinə görə cərimələnib: “Dənizkənarı milli parkda qohumumu gözləyirdim. Gec gəldiyi üçün onu qarşılamaq üçün yolu keçmək istədim. Lakin yolu keçərkən polislər məni ”tutdu". O qədər vahiməli oldu ki, çox utandım. Mənə niyə cərimə yazdıqlarını anlamırdım belə. Daha sonra polis mənə piyada keçidindən istifadə etmədiyim üçün 20 manat cərimə yazıldığını bildirdi. O hadisədən sonra yolu keçən zaman ancaq piyada keçidindən istifadə edirəm".

“Sürət həddi düzgün müəyyənləşdirilmir”

“Digesta” hüquq firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov yol qəzalarının baş verməsində kompleks səbəblər olduğunu bildirdi: “Sürücülərin avtomobilləri idarəsindən tutmuş yollardakı qüsurlar, cəmiyyətdəki aqressivlik, yol hərəkət qaydalarının pozulması müəyyən hallarda qəzalara səbəb olur.

Azərbaycanda yollarda sürətlə bağlı məsələyə Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisi və sürücülər tərəfindən qeyri-standart münasibət var. Kimin ağlına nə gəlir, onu da edir”.

Ekspert 9 ay ərzində ölüm halının daha çox Nobel prospektində olmasının sürət həddinin çox olması ilə əlaqələndirdi: “Nəqliyyat Nazirliyi Nobel prospektində sürət həddini 80 km müəyyən edib. Bu sürəti tənzimləyəndən soruşmaq lazımdır ki, sənin sürətdən anlayışın varmı ki, Nobel prospektində bu sürət həddinə icazə verirsən? Ölən insanların qanının bir hissəsi sürəti təşkil edən insanların məsuliyyətindədir. Belə sürət hədləri yalnız bu prospektlərdə deyil, Bakı-Sumqayıt, Bakı-Ələt və Bakı- Quba yoluna da aiddir. Yəni Azərbaycanda sürət rejimi ilə bağlı təşkilati məsələdə problem var”.

Texniki problemlər

Ə.Hüseynovun sözlərinə görə, qəzaların baş verməsinin əsas səbəblərindən biri də texniki problemlərdir: “Sürücülərmizin texnika barədə informasiyasıyaları çox zəif, primitivdir. Digər tərəfdən, sürətlə yanaşı, yollarda texniki problemlər var. Nişan çatışmazlığı, Bakı-Sumqayıt yolunda süni işıqlanmanın olmaması və s. Əlbəttə ki, süni işıqlanma olmayan yerdə qəzalar daha çox olur. Çünki piyada da qara kostyum və yaxud da don geyinir və avtomobili idarə edən sürücü süni işıq olmadığı üçün vətəndaşı görə bilmir. Sonda ölümlə nəticələnən qəza baş verir”.

Mümkünsüz nəzarət

Vətəndaşların keçidlərdən istifadəsinə praktiki olaraq nəzarət etməyin mümkün olmadığını qeyd edən ekspert bildirdi ki, bunun üçün tədbirlər görülməlidir: “Azərbaycanda 8 milyondan çox piyada var. Bu adamların hamısına nəzarət etmək qalsın bir yana, heç buna cəhd etmək də mümkün deyil. Bunun üçün insanların təfəkkürünü dəyişmək lazımdır. Məsələn bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında bir nəfəri maşın vurdu. Soruşuram ki, 100 metr kənarda yeraltı keçid və digər tərəfdə də yerüstü keçid var. Niyə həmin keçidlərdən istifadə etmirsən? Deyir ki, tələsirdim. Vətəndaşa başa salınmalıdır ki, beş dəqiqə, hətta iki saat gec getmək nəinki ölümə, heç insanın barmağının qırılmasına dəyməz”.

Dünya təcrübəsi

Ə.Hüseynov vurğuladı ki, xarici ölkələrdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı proqramlar var: “2010-cu ildə BMT-nin məclisində yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələ müzakirə olunub. Dövlətlərə tövsiyə olunub ki, milli proqram qəbul edilsin. Son illər ərzində dünyada 1.3 milyon yol qəzalarının qurbanı olub. Dünyanın əksər dövlətləri o proqramdan istifadə edir. Proqramın əsas hissəsi qəzaların səbəblərini araşdırmaq, nəqliyyat hərəkətlərinin sayının azaldılması istiqamtində işlər görməkdir. 10 il bundan əvvəl Türkiyədə yol hərəkət qaydaları bərbad gündə idi. Bu proqramı tətbiq etdikdən sonra qəzalar çox azaldı”.

Gizlənən polislər

Bakı şəhər sakini Reyhan isə deyir ki, piayada keçidlərinin olması vacibdir: “Amma bəzən yaşadığın yerdə belə piyada keçidinin olmasından xəbərsiz olursan. Məncə, keçidin olması ilə bağlı işarələr qoyulmalıdır. Ancaq bizdə bəzi polislər gizlənib insanları güdürlər ki, cərimə yazsınlar. Polis gizlənib insanları güdməkdənsə, köməklik göstərib onların icazəsiz yerlərdən keçməsinin qarşısını almalıdır”.

90 min nəfər cərimələnib

Baş Dövlət polis İdarəsindən əldə etdiyimiz məlumata görə, 9 ay ərzində Bakıda 90 min vətəndaş piyada keçidindən istifadə etmədiyi üçün cərimələnib: “Yol hərəkəti qaydalarının pozulması halları əsasən, Nobel, Hüseyn Cavid və Heydər Əliyev prospektlərində qeydə alınıb. Həyatlarını təhlükə qarşısında qoyan piyadalar bəhanələr etməklə məsuliyyətdən azad olmurlar və hər kəs 20 manat cərimə ödəməyə borcludur. 90 min nəfər arasında elə vətəndaş var ki, 9 ay ərzində 2-3 dəfə cərimələnib”.

“Keçidlər dayanacağa yaxın olmalıdır”

Vətəndaşların piyada keçidlərindən istifadə etməməsinə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu bunun çox aktual məsələ olduğunu dedi: “Piyada keçidi, eyni zamanda, ölkənin imicini formalaşdıran məsələdir. Ölkəyə tez-tez xarici qonaqlar gəlir. Bizim parkları, küçələri gəzdikdən sonra əhalinin davranışlarına baxırlar. Yol hərəkəti qaydalarına riayət edilməmsində, qaydaların pozulmasında məsuliyyət, eyni zamanda Nəqliyyat Nazirliyinin üzərinə düşür. Məsələn avtobus dayanacağı ilə keçidlər arasında məsafələr çox uzaq olur. Yaşlı nəsli nəzərə almaq lazımdır, çünki keçidlər uzaq olduğu üçün insanlar haradan gəldi yolu keçirlər. Dünya ölkələrində keçidlər avtobus dayanacağının yanında olduğu üçün bu problemlər də az olur”.

“Mədəni davranış”

Sosioloq qeyd etdi ki, əhalinin piyada keçidlərindən istifadə etməməsi problemini yalnız kütləvi informasiya vasitələrində yazmaqla həll etmək mümkün deyil: “Bu, uşaqlıqdan məktəblərdə tərbiyə vasitəsi kimi təbliğ olunmalıdır. İnsanlar bilməlidir ki, yerüstü keçiddən yolu keçməmək bir ədəbsizlik sayılır. Azərbaycanda xüsusilə gənclərimizdə belə bir yanaşma var ki, mən nəylə fərqlənə bilərəm? Digər ölkələrdə insanlar küçələrdə ”mədəni davranış" ilə fərqlənmək istəyirlər. Çox təəssüf ki bizdə bu vəziyyət yarıtmaz haldadır. İnsanlar küçədə bir-birinin üstünə qışqırmaqla fərqlənməyə çalışırlar. Əhaliyə təbliğ etmək lazımdır ki, bu, fərqlənmək deyil, ədəbsizlikdir. Kobudluqla fərqlənmək mədəniyyəti Bakıda mövcuddur. Mədəni hərəkətlə fərqlənməyi həyata keçirmək üçün ölkədə üç faktor güclü hərəkətə keçməlidir. İnformasiya şəbəkələri geniş iş aparmalıdır və insanlarda əxlaqi dəyərləri formalaşdırmaq lazımdır".

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər