3 Noyabr 2020 14:19
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunda cinayət törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Təhmasib Sultanov və 1996-cı il təvəllüdlü Səttar Sultanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Təhmasib Sultanov qardaşı oğlu Səttar Sultanlı ilə birlikdə bacısı Aytən Sultanovanın əri Fizuli İbayev, qaynatası və baldızları tərəfindən incidildiyinə görə oradan aparılması barədə xahişi ilə əlaqədar 21 avqust 2019-cu il tarixdə saat 3 radələrində bacısının yaşadığı Yardımlı rayon Honuba kəndinə gəlib. O, bacısından uşaqlarını götürüb və onunla birlikdə getməyi tələb edib.

Buna etiraz edən Fizuli Təhmasib Sultanovun ünvanına söyüşlər söyüb. Buna görə mübahisə yaranıb və dalaşma zamanı Fizuli İbayevi özündə olan odun parçası ilə vurub.

Həmin vaxt Səttar Sultanlı da yerdən götürdüyü taxta parçası ilə Fizuli İbayevə vuraraq ona bədən xəsarəti yetirib.

Bundan başqa Təhmasib Sultanov avqustun 23-də Yardımlı rayonu ərazisində torpaqların elektron kadastr uçotunun aparılması ilə əlaqədar Şirvan Regional Layihə Tədiqiqat İdarəsində texnik işləyən Əlifağa Həsənov tərəfindən onun qardaşı Tahir Sultanovun həyətyanı sahəsində ölçü işləri aparılarkən torpaqla bağlı mübahisələri olan Mönsi Heydərovun ölçü işlərinə etiraz etməsinə ona iradını bildirib.

Mübahisə zamanı Təhmasib Sultanov yerdən götürüdüyü odun parçası ilə Mönsi Heydərovun əlinən vurub.

İstintaq orqanı tərəfindən Təhmasib Sultanovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) və 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma), Səttar Sultanlının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təhmasib Sultanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Səttar Sultanlı isə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Zərərçəkmiş Fizuli İbayev apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxslərin ağır cəzaya məhkum olunmasını, ona dəymiş 12000 manat maddi ziyanın ödənilməsini xahiş edib.

Təhmasib Sultanov da apelyasiya şikayəti verərək, ona təyin edilmiş cəzanın dəyişdirilməsini, barəsində həbs olmayan cəza növünün seçilməsini istəyib.

Digər təqsirləndirilən Səttar Sultanlı isə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Tərəflərin şikayətinə Şirvan Apelyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim heyəti tərəflərin şikayətlərinin təmin olunmaması barədə qərar qəbul edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər