3 Noyabr 2020 16:05
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrının bədii rəhbəri Lütfi Qədirov, onunla birlikdə mühakimə olunan Nəzakət Zairovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan Lütfi Qədirov və Nəzakət Zairova saxlanılıb.

Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqla Lütfi Qədirovun Orkestrin hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən korrupsiya sxemlərindən istifadə etməklə, Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün ayrılmış plastik kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Lütfi Qədirovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Digər təqsirləndirilən Nəzakət Zairovanın da barəsində mənimsəmə və ya israf etmə, külli miqdarda rüşvət alma ittihamı verilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Mədəniyyət Nazirliyi tanınıb.


Müəllif: Hacı Zeynalov