17 Oktyabr 2014 16:02
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru Mübariz Mahmudovun, qiyabi şöbənin müdiri İlqar Əzizov, həmin şöbənin sabiq müdiri Əlixan Ağamirzəyev, şöbənin metodisti Şahin Mirzəmətov və sürücüsü Rafiq Yunusovun cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar kollecin tələbələrindən onlara xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 94 min 340 manat məbləğində rüşvət alıblar.

Bundan başqa Mübariz Mahmudov digər təqsirləndirilən şəxslərlə birlikdə əmək haqqını nağdlaşdırıb götürməklə 6 min manat məbləğində pulu, həmçinin qabaqcadan əlbir olduğu “Turan X” MMC-nin direktoru Əliqulu Sadıqovla birlikdə onlara etibar edilmiş 20 min manat dəyərində əmlakı mənimsəmə və israf etmə yolu ilə talayıblar.

Habelə, Mübariz Mahmudov kollecin baş mühasibi İranə Quliyeva ilə birlikdə 3 min manat məbləğində xeyli miqdar təşkil edən vergiləri ödəməkdən yayınmaqla yanaşı, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.

Mübariz Mahmudov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 213.1 (vergi ödəməkdən yayınma), 311.3.1, 311.3.3, 311.3.4 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), İlqar Əzizov, Şahin Mirzəmətov və Əlixan Ağamirzəyev həmin məcəllənin 311.3.1, 311.3.3, 311.3.4-cü, Rafiq Yunusov 32.5, 311.3.1-ci, Əliqulu Sadıqov 179.3.2 və 313-cü, İranə Quliyeva isə 213.1 və 313-cü maddələri ilə ittiham edilirlər.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə əməliyyat çəkilişinin videosu nümayiş etdirilib. Daha sonra əməliyyat çəkilişi ilə bağlı müzakirələr aparılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər