7 Noyabr 2020 11:50
2 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda ərinə xəsarət yetirməkdə ittiham olunan 1983-cü il təvəllüdlü Sahibə Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Sahibə Allahverdiyeva Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış sahəsinin Mədən adlanan ərazisində, nömrəsiz fərdi evdə əri Şərəf Mirzəyevlə ailə münaqişəsi zəminində mübahisə zamanı boşqabı ataraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Sahibə Allahverdiyevanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahibə Allahverdiyeva elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Sahibə Aallahvüerdiyeva bildirib ki, 2007-ci ildə Şərəf Mirzəyevlə ailə qurub, birgə nikahdan 2 oğlan, 1 qız uşaqları var: “Əvvəllər də dəfələrlə mübahisələrimiz olub. 2016-cı ildən Şərəfin psixoloji problemlər olduğundan, psixiatriya xəstəxanasında müalicə almağa başladı. Bundan sonra mübahisələrimiz daha da artmağa başladı. 2020-ci ilin mart ayının əvvəllərində “instaqram” sosial şəbəkəsində Azərbaycanda yaşayan, Rusiyaya məxsus mobil nömrə işlədən oğlanla tanış oldum. Onunla “vatsap” proqramı vasitəsilə danışırdım. Həmin şəxs ekstrasensmiş və ondan Şərəfdən ayrılmağa kömək xahiş etdim. Buna səbəb Şərəfin evdə olan əşyaları, evi satması idi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həyat yoldaşı Şərəf bundan xəbərdar olduqda aralarında yeni mübahisələr baş verib: “Şərəf buna görə məni aparıb anamgilə qoydu. Hadisə günü əvvəlcə qardaşı Mehralı, sonra isə Şərəf özü yenidən məni götürərək geri apardı. Həmin gün saat 11.00-də Şərəf özünə mətbəxdə yumurta bişirirdi. O, yumurta yaxşı bişmədiyinə görə əsəbiləşdi. Həmin vaxt şəkərim aşağı düşdüyü üçün yerimdən dura bilmirdim. Şərəfə şirinçay içib özümə gələndən sonra ona səhər yeməyi hazırlayacağımı bildirdim. Lakin Şərəf bişirdiyi yumurtanı yerə çırpdı.

Mən ayağa durdum, yerdən yumurtanı yığışdırdım, sonra qabları yumağa başladım. Şərəf ardımca mətbəxə gəldi və tullanaraq təpiklə sol tərəfimə zərbə endirdi, nalayiq ifadələr işlədə-işlədə şillə və yumruq zərbələri ilə məni vurmağa başladı. Özümü Şərəfin əlindən qurtarmaq üçün paltaryuyan maşının üstündə olan boşqabı götürərək onun alın nahiyəsinə vurdum. Şərəf daha da əsəbiləşərək məni sürüyə-sürüyə otağa apardı və əli ilə məni yenidən vurmağa başladı. Həmin vaxt Şərəfin alın nahiyəsinin qanadığını gördüm, dərhal bacısı Sevgiyə, Şərəfin qardaşları Mehralıya və Cavidə zəng edərək baş vermiş hadisəni danışdım”.

Sahibə Allahverdiyeva bildirib ki, mübahisə təxminən 2-3 dəqiqə davam edib və orada yalnız özləri olublar: “Hadisədən sonra həmin evi tərk etmişəm. Hazırda Zabrat qəsəbəsində yaşayıram. Yetkinlik yaşına çatmayan üç uşaq anasıyam. Törətdiyim bu əməldən səmimi peşman olaraq Şərəflə barışmışam və ona dəymiş ziyanı tamamilə ödəmişəm. Hazırda Şərəfin məndən şikayəti yoxdur”.

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Şərəf Mirzəyev bildirib ki, 2020-ci ilin mart ayının əvvəllərində Sahibənin mobil telefonunda yad kişilərlə yazışmasını aşkar edib: “Məlum oldu ki, mən xəstəxanada müalicə alan zaman Sahibə həmin kişiləri evə çağırıb. Bunu biləndən sonra aramızda mübahisələr oldu. Mübahisə etdiyimizə görə Sahibə anasının evinə getdi. Hadisə baş verən günü Sahibə yenidən yaşadığımız evə qayıtdı. Həmin gün Sahibənin mobil telefonla “vatsap” proqramı vasitəsi ilə müxtəlif adamlarla danışdığını gördüm, ona yenidən irad bildirdim. Sahibə mənə əcəb elədiyini dedi.

Bu zaman mətbəxdə mübahisə etməyə başladıq. Sahibə mətbəxdə paltaryuyanın üstündə olan boşqabı götürərək alın nahiyəmə vurdu. Mən də əsəbiləşdiyimdən Sahibənin bədənindən və sifət nahiyəsindən vurdum. Xəsarət aldığım üçün tibbi yardım almaqdan ötrü xəstəxanaya müraciət etdim”.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Sahibə Allahverdiyeva zərərçəkmişə dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə olan cinayət işinə xitam verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər