7 Noyabr 2020 10:04
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda qətl hadisəsi törətməkdə təqsili bilinən Pərviz Mayılovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar Mikayılovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 22-də paytaxtın Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Abıyevə hər iki bud və qol nahiyələrinə tapançadan atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Mayılov saxlanılıb.

Onlar Binəqədi rayon Prokurorluğuna təhvil veriliblər.

Qeyd edək ki, hadisə "Dəyirman" kimi tanınan ərazidə qeydə alınıb.

Əli Abıyev Pərviz adlı şəxslə mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz Əli Abıyevə məxsus "Niva" markalı avtomobillə ərazidən qaçıb.

Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman 3 güllə yarası aşkar edilsə də, güllələr Əli Abıyevin bədənində olmayıb.

Qeyd edək, xəsarət alan Əli Abıyev azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan şəxsdir.

İstintaq orqanı tərəfindən Pərviz Mayılovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd), 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov