7 Noyabr 2020 11:15
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləmiş Sahib Xəlilov və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Rahib Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 20-nə təyin olunub.

İttihama görə, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri olmuş Sahib Xəlilov və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Rahib Xəlilovun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparlıb.

Daxil olan məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18 iyul 2020-ci il tarixdə tanışlarının adına olan “Kapital bank” ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22 iyul 2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilmiş, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov