16 Noyabr 2020 14:05
4 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda 1994-cü il təvəllüdlü məşhur güləşçi Məsim Qədirli barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, bu il fevralın 1-də Məsim Qədirli Şamaxı şəhər sakini Ruslan Surxayevlə birlikdə Şamaxı şəhərindəki “Savalan” restoranında yeyib içdikdən sonra sonuncunun Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyevlə əvvəlcədən mövcud olmuş mübahisəsini aydınlaşdırmaq məqsədilə onu yaşadığı evdən götürüb, Şamaxıda yerləşən “Yeddi Günbəz” qəbiristanlığına aparmaq barədə razılaşıb.

Qəbiristanlıqda 5 zərbə

Məsim Qədirli Ruslan Surxayevlə birlikdə restorandan çıxıb, Ruslan Surxayevə məxsus “VAZ-2121” markalı avtomobillə Orxan Hacıyevin yaşadığı ünvana gəliblər. Ruslan Məsimin mobil telefonu ilə zəng edərək Orxan Hacıyevi israrla çölə çıxmağa çağırıb, Orxan dəvəti rədd etməsinə baxmayaraq sonda qısa söhbət etmək üçün ev paltarında evdən çıxıb.

Onlar Orxan Hacıyevi “VAZ-2121” markalı avtomobilin arxa oturacağına zorla əyləşidirib, Şamaxı şəhərində yerləşən “Yeddi Günbəz” qəbiristanlığına gətiriblər.

Hadisə zamanı Orxan Hacıyev 1995-ci il təvəllüdlü Ruslan Surxayevin bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib. Ruslan Surxayev aldığı zərbədən ölüb.

İstintaq orqanı tərəfindən Orxan Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Orxan Hacıyevin cinayət işi ayrıca icraatda baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatında baxılır.

Digər təqsirləndirilən Məsim Qədrli barəsində isə Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Etibar Hümbətovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Məni necə oğlan kimi tanıyırsan?”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məsim Qədirli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, qeyd edib ki, Ruslan Surxayev və Orxan Hacıyevi tanıyıb, hər ikisi ilə münasibətləri hər zaman yaxşı olub: “Fevralın 1-də, təxminən saat 21 radələrində Yadigar, Nurlan və Elmar adlı şəxslərlə birlikdə Şamaxı şəhərində yerləşən “Savalan” restoranında otaqda yemək yeyib, 1,5 litr çaxır içdik.

Bu zaman Ruslan Surxayev da əyləşdiyimiz otağa daxil olaraq bizə qoşuldu. Yeməkdən sonra Ruslan otağı tərk edərək təxminən yarım saat sonra geri qayıtdı, sonra evimizə getmək üçün restorandan çıxdıq. “NİVA” markalı avtomobilində tək olduğum üçün Ruslan mənə birlikdə getməyi təklif etdi. Ruslanın avtomobilinə əyləşdim. Yolda Ruslan kiminləsə telefonda danışmağa başladı, onunla görüşmək istədiyini bildirdi.

Buna görə Ruslanın telefonda danışdığı şəxslə görüşdükdən sonra məni evimə aparacağını fikirləşdim. Onunla telefonda danışdığı şəxsin evinin qarşısına gəldik. Həmin şəxsin Orxan Hacıyev olduğunu başa düşdüm. Orxan evlərindən çölə çıxaraq avtomobilin arxa oturacağında əyləşdi, Ruslan avtomobili şəhərin aşağı istiqamətində sürməyə başladı.

“Şamaxı market” adlı mağazanın qarşısından keçən zaman Ruslan Surxayevin avtomobili sürüşdü, avtomobil tarazlaşdıqdan sonra yola davam etdik. Yolda Ruslan Orxandan “Məsimi və məni necə oğlan kimi tanıyırsan” deyə soruşdu. Orxan hər ikimizi yaxşı oğlan kimi tanıdığını bildirdi. Bu zaman Ruslan heç bir səbəb olmadan Orxanı şillə ilə vurdu”.

“Qan içində olduğunu gördük”

Məsim Qədirlinin sözlərinə görə, bundan sonra “Yeddi Günbəz” adlanan qəbirstanlığa gəliblər: “Qəbirstanlığın girişində Ruslan avtomobili saxladı, düşdük. Ruslan Orxana təcili ona 100 manat verməsini bildirdi. Orxan buna imkanının olmadığını dedi.

Ruslan gözlənilmədən Orxana 3-4 yumruq zərbəsi vurdu. Mən dərhal araya girərək Ruslanı ayırdım. Yenidən avtomobilə əyləşərək Şamaxı şəhəri istiqamətində gəldik. Qəbirstanlıqdan aralaşmaq istəyən zaman tanışım Nurlanın “LADA Priora” markalı avtomobilinin qarşımızda saxladığını gördüm. Ruslan avtomobili dayandırdı. Hamımız aşağı düşdük. “LADA Priora” markalı avtomobildən Nurlan, Yadigar və Elmar da düşdülər.

Avtomobildən düşdükdən sonra Ruslan yenə Orxanı yumruqla vurmağa başladı. Araya girərək yenə onları araladım. Bundan sonra tualetə getmək üçün oradan aralaşdım. Orada nə baş verdiyini görməmişəm. Təbii ehtiyacımı ödədikdən sonra yenə Ruslangilin yanına qayıtdım. Bu zaman hamı avtomobillərə əyləşmişdi. Mən də Ruslan və Orxanla birlikdə avtomobilə əyləşdim. Ruslan avtomobili yenidən qəbirstanlığın içinə doğru sürdü.

Qəbirstanlığın yuxarı hissəsində Ruslan avtomobili saxladı, biz düşdük. Ruslan Orxanı qırağa çəkdi və söhbət etdi. Mən, Elmar, Nurlan və Yadigar qıraqda duraraq Ruslanla Orxanın söhbətinə baxdıq.

Bu zaman Ruslanın qaçaraq Orxandan uzaqlaşdığını və təxminən 10 metr sonra yerə yıxıldığını gördük. Dərhal yanına gəldikdə Ruslanın paltarının qan olduğunu gördük. Onu avtomobilin arxa oturacağa uzatdıq. Ruslanı Şamaxı rayon mərkəzi xəstəxanasına apardıq. Sonra Nurlan Orxanı avtomobilinə əyləşdirdi və rayon polis şöbəsinə apardı”.

Məsim Qədirli ifadəsinin sonunda əməlindən peşiman olduğunu qeyd edib.

“Zənglərə cavab vermədim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Orxan Hacıyev bildirib ki, Fərhad Daşdıyev ona “Whatsapp” proqramında mesaj yazaraq görüşmək istədiyini bildirib: “Fərhadın Ruslanla bir neçə gün əvvəl mənə hədə-qorxu gələrək pul tələb etmişdi, məndən yenə də pul tələb edəcəyini güman etdim. Fərhada yalandan yorğun olduğumu və görüşə bilməyəcəyimi dedim. Bundan sonra Fərhad mənimlə sağollaşdı.

Daha sonra mobil telefonuma iki dəfə Ruslan Surxayevdən zəng gəldi. Mən həmin zənglərə cavab vermədim”.

“Dalaşmaq fikrim olmayıb”

Orxan Hacıyevin sözlərinə görə, fevralın 1-də, təxminən saat 00.10-da mobil telefonuna Məsim Qədirlinin nömrəsindən zəng gəlib: “Məsimi özümə yaxın bildiyimdən zəngə cavab verdim. Məsim mənimlə salamlaşdıqdan sonra telefonu Ruslana verdi. Ruslan mənimlə görüşmək istədiyini bildirdi.

Həmin vaxt yatmağa hazırlaşdığımdan yorğun olduğumu bildirsəm də, Ruslan evin qarşısında olduğunu və 5 dəqiqəlik söhbət etmək istədiyini dedi. Onun danışığından şübhələndim, həmçinin əvvəllər Ruslanın iki dəfə bıçaqla hədə-qorxu gələrək məndən pul tələb edib aldığından evimizdən bıçağ götürərək şalvarımın arxasına qoydum. Sonra qapıya çıxaraq Ruslanla görüşdüm.

Bıçağı götürməkdə məqsədim Ruslanın yenə mənə bıçaq nümayiş etidərəcəyi təqdirdə, üzərimdəki bıçağı göstərməklə vəziyyətdən çıxaraq uzaqlaşmaq olub. Ruslanla söhbət edib evə qayımaq fikrində olduğum üçün elə ev paltarında çölə çıxdım. Harasa getmək, hansısa söhbət etmək, dalaşmaq fikrim olmayıb, belə fikrim olsaydı, ən azından əynimə normal paltar, ayağıma normal ayaqqabı geyinərdim”.

“Qorxma, adam yeyən deyilik”

Orxan Hacıyev qeyd edib ki, Ruslan Surxayev görüşə özünün “VAZ 2121” markalı avtomobilində gəlib, ön sərnişin oturacağında tanışı “Məsi” ləqəbli Məsim Qədirli əyləşib:

“Çölə çıxan kimi Məsim avtomobildən düşərək mənimlə salamlaşdı, ardınca Ruslan elə oturduğu oturacaqdan boylanaraq mənimlə söhbəti olduğunu bildirdi, “Əə, gəl otur maşına” dedi. Mən də Ruslana “Ay Ruslan, gecə vaxtı nə söhbət edəcəyik, qalsın sabaha, özü də başqa yerə getməyək, nə söhbət varsa, burada edək, gecə vaxtıdı, harasa getsəm, ailəm narahat olacaq” deyə cavab verdim.

Bu zaman Məsim mənə “Orxan, qorxma, adam yeyən deyilik, elə burda bir söhbət edib” gedəcəyik” dedi, avtomobilin ön sərnişin oturacağını qabağa çəkərək məni arxa oturacaqda oturmağımı bildirdi. Mən də həm məcburiyyətdən, həm elə oradaca qısa bir söhbət edib evə qayıtmağı fikirləşdiyimdən Məsimin göstərdiyi oturacaqda əyləşdim.

Bu zaman Məsim də ön oturacağı yerinə qaytardı, orada əyləşdi. Artıq avtomobildən öz istəyimlə düşmək imkanım qalmadı”.

“Qorxmağa başladım”

Orxan Hacıyevin ifadəsinə görə, bu zaman Ruslan avtomobili işə salıb və hərəkətə başladıqda heç bir yerə getmək istəmədiyini bildirib, sonuncudan dayanmağı tələb edib: “Ruslan isə mənə qulaq asmadan avtomobili sürməkdə davam etdi. Avtomobildə olarkən evimizin yerləşdiyi küçədən çıxmamış Ruslan məndən “Məsimi necə oğlan kimi tanıyırsan?” deyə soruşdu. Ruslana Məsimin “qardaşı” olduğunu və yaxşı oğlan kimi tanıdığımı bildirdim.

Ardınca Ruslan “Məni necə oğlan kimi tanıyırsan” deyə soruşdu. Ruslana “Şükür Allaha, səni də yaxşı oğlan kimi tanıyıram” dedim.

Bu zaman Ruslan Surxayev gözlənilmədən mənə “Səsinin tonunu qaldırma” dedi, şillə vurdu. Bu zərbənin təsirindən şoka düşdüm və Ruslanın məni niyə vurduğunu başa düşmədim, qorxmağa başlamışdım”.

“Qəbirstanlığa gizlənpaç oynamağa getdiyimizi dedi”

Orxan Hacıyev qeyd edib ki, yolda Ruslan Surxayev “Şamaxı” marketlə üzbəüz yerdə avtomobili əl əyləci ilə saxlayıb və Şamaxı şəhərinin mərkəzində yerləşən dairəyə, oradan da “Yeddi Günbəz” qəbiristanlığı istiqamətində sürüb:

“Yolda Ruslan məndən qəbirstanlıqdan qorxub-qorxmadığımı soruşdu. Qəbristanlıqdan qorxduğumu, oraya getmək istəmədiyimi bildirdim. Nə üçün ora getdiyimizi soruşdum. Ruslan isə cavabında qəbirstanlığa gizlənpa” oynamağa getdiyimizi dedi.

Mən iqorxduğumdan qəbiristanlığa getmək istəməsəm də, “VAZ2121” markalı avtomobildə arxa oturacaqda oturduğum, orada isə qapı olmadığından qaça bilmədim. Yolda Ruslan mobil telefonuna gələn zəngə cavab verərək “Qəbiristanlığa gedirəm, yüngül gəzişəcəyik” deyə cavab verdi, sağollaşdı. Qəbirstanlığa gəldikdə Ruslan birinci döngəni keçdi, 20 metr irəlidə saxladı. Özü və Məsim avtomobildən düşdü və qışqıraraq mənə “Ayə, aşağı düş” deyə bildirdi”.

“Ayə, tez Nurlan mənim böyük qardaşımdır, de...”

Orxan Hacıyev deyib ki, avtomobildən düşən kimi Ruslan yaxasından yapışaraq badalaq verib, onu yerə yıxıb: “Yerdən durduqda Ruslan Surxayev sifətimin müxtəlif nahiyələrinə bir neçə yumruq zərbəsi endirdi. Bu zaman Məsim araya girərək Ruslanı məndən uzaqlaşdırmağa çalışdı. Ruslan Məsimin əlindən çıxdı, mənim yaxamdan yapışdı və sabaha qədər ona 100 manat verməyimi, həmin puldan 49 manatının borcu olduğu üçün Məsimə, qalanının isə özünə çatacağını əsəbi, aqressiv şəkildə bildirdi.

Ruslana əvvəllər nə vaxt pul istəmişdisə, verdiyimi və hazırda isə imkanım olmadığı üçün verə bilməyəcəyimi bildirdimr. Belə dedikdə Ruslan yenə sifətimə yumruqlar vurmağa davam etdi və fənd ataraq boynumu qoltuğunun arasına aldı. Boynum Ruslanın qollarının arasında ola-ola sonuncu mobil telefonuna gələn zəngə cavab verdi, qəbiristanlıqda olduğunu bildirdi. Məsim zəng edənin kim olduğunu soruşdu. Ruslan da Nurlanın zəng etdiyini dedi, məndən “Nurlanı tanıyırsan ə?” deyə soruşdu. Mən də yarı-huşsuz vəziyyətdə tanıdığımı dedim. Ruslan “ayə, tez de ki, Nurlan mənim böyük qardaşımdır", bildirdi, telefonu mənim qulağıma tutdu.

Nurlanla salamlaşdıqdan sonra Ruslan yenə də eyni şeyi deməyimi tələb etdi. Məcbur qalaraq “Nurlan sən mənim böyük qardaşımsan” dedim. Daha sonra Ruslan telefonu götürdü, Nurlanla nəsə danışdıqdan sonra telefonu söndürdü və yenidən pul tələbinə davam etdi”.

“Sən bizim qardaşımıza qarşı çaşmısan...”

Orxan Hacıyevin sözlərinə görə, daha sonra yenidən avtomobilə əyləşib, Ruslan Surxayev də avtomobili Şamaxı şəhəri istiqamətində sürməyə başlayıb:

“Təxminən 100 metr irəlilədikdən sonra qəbiristanlığın yolunu düşən zaman qarşıdan dövlət qeydiyyat nişanını xatırlamadığım, “LADA Priora” markalı avtomobilin gəldiyini gördüm. Həmin avtomobil işığı ilə bizə “dayanmaq” işarəsi verdiyi üçün Ruslan Surxayev avtomobili saxladı, Məsimlə birlikdə avtomobildən düşdülər. Amma mənim avtomobildən düşməyimə imkan vermədilər.

Həmin vaxt “Priora” markalı avtomobildən 3 nəfər düşərək Ruslan Surxayevlə görüşdülər. Onlardan biri Yadigar, digəri Nurlan adlı Şamaxı şəhər sakinləri kimi tanıdığım şəxslər idi. 3-cü şəxsi isə əvvəllər tanımasam da, istintaqın gedişində həmin şəxsin Elmar adlı Şamaxı şəhər sakini olduğunu öyrəndim.

Ruslan mənə yaxınlaşaraq əlini çiynimə qoydu, boynumun arxasından yapışdı, məni maşından çölə atdı. Bundan sonra “Priora” markalı avtomobildən düşən Yadigar mənə yaxınlaşaraq “sən bizim qardaşımıza qarşı çaşmısan”, - deyə bildirdi, sifət nahiyəmdən 2 şillə vurdu.

Bu zaman Ruslan mənə yaxınlaşaraq “Başa düşdün ə?” deyə qışqırdı, əlinin içi ilə alnımdan bir neçə dəfə zərbə vurdu”.

“Özümü qorumaq istəmişəm”

Orxan Hacıyevin sözlərinə görə, bu zaman Yadigar onu guya dostyana qırağa çəkərək əllərini çiyninə toxundurub və sığallayaraq nə baş verdiyini soruşub: “Yadigar gözlənilmədən kəllə zərbəsi ilə sağ göz nahiyəmdən məni vurdu. O, həmin zərbəni vurmamışdan qabaq kənardan kiminsə “Ayə, Yadigarın kəlləsi zərbəsindən bu günə kimi ayılan olmayıb” deyə bildirdiyini eşitdim. Zərbənin təsirindən huşumu itirdim, yerə yıxılan zaman Ruslan və Yadigar məni təpikləməyə başladılar.

Həmin vaxt qollarımla başıma zərbələr dəyməsinə mane olmağa çalışdım. Daha sonra Yadigar Ruslana “Bu başa düşmədi, gəl bunu aparaq başa salaq” dedi. Döyüldüyüm üçün yarıhuşsuz olduğumdan Məsimlə Ruslan məni yenidən “VAZ 2121” markalı mindirdi, yenidən yuxarı tərəfə, yəni ölüm hadisəsinin baş vediyi yerdən təxminən 30 metr məsafəyə apardılar.

Ruslanla Məsim məni avtomobildən düşürtdülər. Həmin vaxt “Priora” markalı avtomobildə olan şəxslər də arxamızca gəldilər. Ruslan Surxayev və digər şəxslər, yəni Nurlan, Yadigar, Elmar və Məsim üzərimə gələrək yerə yıxdılar və yerdə yumruq-təpik zərbələri saysız-hesabsız qədər vurmağa başladılar. Artıq ağlımı itirdim və heç birinə qarşılıq vermək bacarığında olmadım. Eyni zamanda kimin hansı nahiyəmdən, necə vurmasını görməmişəm. Yalnız başımı qollarımın arasına alaraq özümü qorumaq istəmişəm”.

“Nurlan mənə “Səni hara aparım?” deyə soruşdu”

Orxan Hacıyev qeyd edib ki, bu vaxt həmin şəxslər onu sürüyə-sürüyə ölüm hadisəsinin baş verdiyi yerə aparıblar:

“Artıq zərbələrin təsirindən bundan sonra nə baş verdiyini xatırlamadım. Özümə gələndə “VAZ 2121” markalı avtomobilin yanında olmuşdum. Orada Nurlan əlimdən tutmuşdu, ayaqüstə və əlimdə evdən götürdüyüm bıçaq vardı. Belinə qoyduğum bıçağı necə çıxartdığımı, Ruslan Surxayevi necə bıçaqla vurduğumu, necə ayağa qalxdığımı, məni döyən şəxslərdən necə uzaqlaşdığımı, həmin “VAZ 2121” markalı avtomobilin yanına necə gəldiyimi xatırlamıram.

Həmin vaxt sanki öz qışqırğımın səsinə yuxudan oyanmış kimi olmuşdum. Hətta nə qışqırdığımı belə xatırlamıram. Bu zaman Nurlan mənə “Orxan, sən neylədin?!” dedi. Buna baxmayaraq hələ də nə etdiyimi anlaya bilmədim. Nurlan isə mənə “Ruslanı bıçaqla vurdun” deyə bildirdi. Daha sonra Nurlan mənə “Səni hara aparım?” deyə soruşdu.

Nurlan məni rayon polis şöbəsinin qarşısına gətirdi. Mən avtomobildən düşdüm, Nurlana buradan getməyi təklif etdim. Nurlan məni düşürüb oradan uzaqlaşdı. Həmin vaxt hadisə yerində qalan şəxslərin nə etmələrini bilməmişəm. Mən də rayon polis şöbəsinin inzibati binasına gedərək Ruslan Surxayevi bıçaqladığımı bildirdim, bıçağı təqdim etdim”.

Şamaxı rayon Məhkəməsinin hökmü ilə Məsim Qədirlinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla 2 il 4 ay müddətinə şərti cəza təyin olunub.

Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə 2-ci kurs tələbəsi olub. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyib.

Sərbəst güləşçi Ruslan Surxayev 2013-cü ildə Makedoniyanın Skopye şəhərində gənclər arasında Avropa çempionu olub.

Bundan başqa, Ruslan Surxayev sərbəst güləş üzrə yeniyetmələr arasında Polşada keçirilən Avropa birinciliyinin qalibi, Tailandda keçirilən Dünya birinciliyinin gümüş mükafatçısıdır. O, gənclər arasında keçirilən Dünya birinciliyinin gümüş mükafatşısı da olub

Məsim Qədirli sərbəst güləş üzrə Azərbaycan çempionudur. O, yığma komandasının üzvü olub və bir çox nailiyyətlərə imza atıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər