18 Noyabr 2020 11:54
3 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qardaşını qətlə yetirməkdə ittiham olunan 1992-ci il təvəllüdlü Röyal Məmmədlinin (ad və soyad şərtidir) məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Röyal Məmmədli bu il fevralın 24-də saat 19 radələrində evdə uzanarkən 1989-cu il təvəllüdlü qardaşı Raul Məmmədli idmandan evə gəlib.

O, paltarlarını dəyişib, mətbəx otağına keçib. Yemək yeyərkən çörək olmadığını görüb, çörək almadığı üçün qardaşının üstünə qışqırıb. Röyal Məmmədli isə ona qışqırmamağı, iradını normal bildirməli olduğunu deyib.

Bu zaman Raul Röyalın üstünə gələrək ona şillə vurub. O, qardaşı ilə mübahisə edən zaman anası gəlib, mübahisə etməməyi tələb edib. Daha sonra qardaşlar əlbəyaxa olublar. Dava zamanı Röyal Məmmədli qardaşını bıçaqlayaraq öldürüb.

Röyal Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Röyal Məmmədli elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, fevralın 24-də yaşadıqları evdə anası ilə birlikdə olublar, atası Samir Məmmədli isə bağ evlərinə gedibmiş:

“Axşam saat 19 radələrində evdə uzanarkən qardaşım Raul idmandan evə gəldi. Paltarlarını dəyişdi, mətbəx otağına keçdi, masada yemək yeyərkən evdə çörək olmadığı üçün məni təhqir etdi, üstümə qışqırdı ki, evə niyə çörək almamışam. Mən isə üstümə qışqırmamağı, iradını normal bildirməyini qardaşıma dedim. Raul üstümə gələrək sağ əli ilə sifətimin sol nahiyəsindən şillə zərbəsi vurdu. Mübahisə zamanı anam iradını bildirdi. Raul böyük qardaş olduğu üçün heç bir hərəkət etmədən qonaq otağına keçdim. Divanda uzandım, qardaşım isə mətbəxdə əyləşərək, mətbəx bıçağı ilə nəyisə doğramağa başladı. Mən mətbəxin yanındakı otaqda uzanmışdım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət sonra əynini dəyişmək üçün mətbəxin içərisindən öz otağına keçmək istəyən zaman yemək yeyən qardaşı Raula iradını bildirib, səbəbsiz yerə üstünə qışqırdığını deyib: “Raul isə sözlərimə məhəl qoymayaraq ayağa qalxdı, üstümə gəlmək istəyəndə sağ əlimlə qardaşımın bıçaq olan sağ qolunun dirsək nahiyəsindən vuraraq itələdim, yataq otağına keçdim.

Yataq otağında əynimi dəyişən zaman qardaşımın qışqırıq səsini eşitdim. Dərhal mətbəxə qayıtdım. Qardaşımın ürək nahiyəsində qan ləkələri gördüm. Anamla köməkləşərək axan qanı saxlamaq üçün hamam otağından məhrabanı götürərək yaranın üstünü örtdük. Sonra onu yatağa uzatdıq. Anamla bərabər qardaşıma ilkin yardım göstərdik. Lakin qanı dayandırmaq mümkün olmadı.

Dərhal mənzildən çıxaraq qonşulardan kömək istədik. Lakin heç kimi tapmadığım üçün tez yaşadığımız bina ilə üzbəüzdə yerləşən 18-ci polis şöbəsinə yaxınlaşaraq polislərdən qardaşımın vəziyyətinin yaxşı olmadığına görə köməklik göstərmələrini xahiş etdim. Polis əməkdaşları ilə evə qayıtdıqda artıq səsə qonşuların yığışdığını və təcili tibbi yardıma məlumat verildiyini öyrəndim.

Təcili tibbi yardımın gec gələcəyini düşündüyüm üçün evimizin yaxınlığında yerləşən tibb məntəqəsinə gedərək oradan növbətçi həkimlərə qardaşımın vəziyyətinin yaxşı olmadığını bildirib, onlardan ilkin yardım göstərmələrini istədim. Lakin həkimləri gözləmədən yenidən mənzilə qayıtdım.

Qonşuların və tanımadığım həkimin köməyi ilə qardaşımı qaldıraraq tanışımız Asif adlı şəxsin avtomobilinə mindirib, 5 saylı şəhər klinik xəstəxanasına apardıq. Həkimlər qardaşımı içəri apardılar, sonra bizə Raulun artıq öldüyünü bildirdilər. Orada olan 18-ci polis şöbəsinin əməkdaşları məni bölməyə apardılar.

Qardaşıma bıçaqla zərbə vurmamışam, sadəcə onun bıçaq olan əlindən itələmişəm. Hətta bıçağın ona batmasını da görməmişəm”.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Samir Məmmədov bildirib ki, 1987-ci ildə Gülüstan ilə ailə həyatı qurub və birgə nikahdan iki övladı olub: “Evin böyük övladı olan mərhum Raul heç bir psixi xəstəlik keçirməyib. Bununla bağlı heç bir müəssisədə müalicə almayıb.

Kiçik oğlum Röyal da uşaq vaxtı heç bir psixi xəstəlik keçirməyib və bununla bağlı heç bir müəssisədə müalicə almayıb. Övladlarım Röyalın Raula münasibəti həmişə yaxşı olub, aralarında heç bir zaman mübahisə və problem yaşanmayıb. Bir qardaş kimi mehriban olublar”.

Samir Məmmədovun sözlərinə görə, hadisə baş verən günü, təxminən saat 18 radələrində işdən evə gəlib: “Evə gələndə arvadıma bağa getməyi təklif etdim. Evimiz kiçik olduğundan arvadımla mütamadi olaraq bağ evinə gedirdik. Lakin həmin gün Gülüstan evdə qalmaq istədiyi üçün mənimlə bağa getmədi.

Təxminən 10 dəqiqə evdə olduqdan sonra bağ evinə yola düşdüm. Bağa çatandan sonra mobil telefonuma arvadım zəng vuraraq Raulun vəziyyətinin pis olduğunu, onu 5 nömrəli şəhər klinik xəstəxanasına aparıldığını bildirdi. Dərhal bağdan çıxaraq öz şəxsi avtomobilimlə xəstəxanaya gəldim. Orada məlum oldu ki, övladım Raul artıq ölüb, lakin hadisənin hansı şəraitdə baş verdiyini bilməmişəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Röyal Məmmədlinin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi dəyişdirilib. Ona Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilib.

Məhkəmənin hökmü ilə Röyal Məmmədli 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər