Bakının Xəzər rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Elşən Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Elşən Əliyev yaşadıqları evdə olarkən arvadı Lalə Əliyeva ilə münaqişə zamanı ona xəsarət yetirib.
Elşən Əliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən Əliyev bildirib ki, Lalə ilə 2013-cü ildə rəsmən ailə qurub və iki azyaşlı uşaqları var: “Münasibətlərimiz həmişə yaxşı olub. İki il öncə Lalənin telefonla yazışmalarını tutduqdan sonra ona qarşı inamım azaldı. Bu barədə onunla dəfələrlə söhbət etdim, övladlarımız var, bura kənd yeridir dedim”.
Elşən Əliyev hadisə baş verən günü olaylarını belə danışıb: “Marketə getmək üçün evdən çıxdım. Lakin bir neçə dəqiqə sonra yenidən evə qayıtdım. Həyətə evin yaxınlığındakı giriş qapısından deyil, həyətyanı sahənin digər tərəfində olan qapıdan daxil oldum. Evin qarşısında oturaraq siqaret çəkirdim. Həmin vaxt Lalənin səsini eşitdim. Danışıqlara qulaq asanda Lalənin başqa tərzdə kiminləsə danışdığını eşitdim. Evə girib Lalədən kiminlə danışdığını soruşdum. O, özünü itirərək “heç, heç, heç” cavabı verdi.
Lalənin telefonu alaraq açmağa cəhd etdim. Lakin telefon şifrəli olduğunu gördüm. Lalədən telefonun şifrəsini açmağı tələb etdim. O, yüksək səslə və təkidlə telefonun şifrəsini açmayacağını dedi. Bu səbəbdən aramızda münaqişə baş verdi. Lalənin saçından tutaraq evdən çıxardım, eyvanda yumruq və şillə ilə baş nahiyəsinə bir neçə dəfə vuraraq onu evdən qovdum. Evimizin içərisindəki otaqda baş vermiş münaqişə cəmi bir neçə dəqiqə davam etdi. Həmin vaxt evdə bizdən başqa heç kim olmayıb”.
Elşən Əliyev ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, Lalə ilə barışdığını qeyd edib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lalə Əliyeva bildirib ki, Elşənlə ailə münasibətləri çox pis vəziyyətdədir: “Elşən mütəmadi olaraq məni əxlaqsızlıqla şərləyərək evdə münaqişələr yaradıb, məni incidib, söyüb təhqir edib. Mən bu barədə heç vaxt polisə şikayət etməmişəm. Maddi vəziyyətlərimiz kafi olduğundan və Elşən işləmədiyindən iş axtarmağa başlamışam.
Sonuncu dəfə hadisə baş verən günü yaranmış münaqişənin səbəbi isə mənim sosial müdafiə fondunun əməkdaşı ilə danışaraq tələb olunan sənədlərin siyahısını öyrənməyim olub. Bu zaman Elşən mənim olduğum otağa daxil oldu, telefonu əlimdən aldı, kiminlə danışdığımı məndən soruşduş Cavab olaraq “heç, heç, heç” cavabı verdim. Bundan əsəbləşərək Elşən saçımdan tutaraq evdən çıxardı, eyvanda yumruq və şillə ilə baş nahiyəmə bir neçə dəfə vurdu, sonra məni döyməyə başladı. Bu səbəbdən uşaqlarımı götürərək atamın evinə getdim. Baş vermiş hadisə ilə bağlı “102” xidmətinə məlumat verdim”.
Xəzər rayon Məhkəməsinin hökmü ilə Elşən Əliyevin barəsində olan cinayət işinin icraatına xitam verilib. Elşən Əliyevin zərərçəkmiş şəxslə barışmasını nəzərə alan məhkəmə onu cinayət məsuliyyətindən azad edib.