Karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə saxta arayış verməkdə təqsirləndirilən "Vest Corporation” MMC-nin rəhbəri Orxan Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən “Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs özü də daxil olmaqla 18 vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. Bununla da Orxan Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.
Saxlanılan şəxsin paytaxt ərazisindəki yaşayış ünvanına baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhür və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
İstintaq orqanı tərəfindən Orxan Ələkbərovun Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib.