Goranboy rayonunda qətl örətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Kamran Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Goranboy rayonu, Qızılhacılı qəsəbə sakini Kamran Məmmədov qardaşı arvadı Pərvinlə Şəhriyarın intim əlaqəsi barədə həmkəndlisi Faiq İsgəndərlinin digər həmkəndliləri ilə söhbətlər apardığını öyrənib.
Bunun üçün o, Faiq İsgəndərli ilə vatsap vasitəsi ilə yazışıb, sonra mübahisə edib, bir-birlərini söyüb təhqir etdikdən sonra məsələni üzbəüz aydınlaşdıracağını bildirib. Kamran Məmmədov Faiq İsgəndərlini öldürmək qərarına gəlib.
Bu məqsədlə 2020-ci il fevralın 9-da təyyarə ilə Stavropoldan Bakı şəhərinə, oradan isə fevralın 10-da, gecə saat 1 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə gəlib. O, həmin gecə Faiq İsgəndərli ilə görüşüb, niyyətini həyata keçirmək məqsədi ilə ona bir neçə dəfə telefonla zəng edib mesaj yazsa da, sonuncu ona cavab verməyib.
Bu səbəbdən Kamran Məmmədov gecəyarısı Faiq İsgəndərli ilə görüşə bilməyib. O, həmin gün səhər saatlarında yaşadığı evdən bıçaq götürüb və saat 12 radələrində Faiq İsgəndərli ilə telefon əlaqəsi saxlayıb, onu Qızılhacılı qəsəbəsinin mərkəzində yerləşən “Lələnin çayçısı” adlanan yerə çağırıb.
Kamran Məmmədov idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə həmin yerə gəlib. O, Faiq İsgəndərlinin ümumi dostları Elşad Adıgözəlovla yolun kənarında durduğunu görüb, avtomaşını onların yanında saxlayaraq başı ilə Faiq İsgəndərliyə qabaq oturacaqda oturmasını işarə edib.
Elşad Adıgözəlov da avtomobilə minmək istəyərkən o, Faiqlə söhbəti olduğunu bildirib, onun maşına oturmasına imkan verməyib, avtomobili qəsəbənin Xanqərvənd kəndi istiqamətinə sürüb. Maşını yolun sağ tərəfində əkin sahəsinin yanında saxlayıb, orada hər ikisi avtomobildən düşüb.
Kamran Məmmədov Faiq İsgəndərliyə qardaşı İsanın arvadı Pərvinin həmkəndliləri Şəhriyarla münasibətinin olması barədə danışdıqlarını haradan eşitdiyini, bəlkə doğru dediyini soruşub.
Faiq İsgəndərli əvvəl belə söz demədiyini, söhbətin davamında bəlkə də dediyini, bu əhəmiyyətsiz sözün nə üçün dalına düşdüyünü, deyibsə də artıq üzr istədiyini bildirib.
Bu zaman onlar dalaşaraq mübahisə ediblər. Kamran Məmmədov Faiq İsgəndərlini əvvəl sifət və baş nahiyələrindən yumruqla vurub, Faiq İsgəndərli müdafiə məqsədi ilə gödəkcəsinin sol içəri cibindən mətbəx bıçağını çıxardıb.
“Arada bir ailə üzvlərimə baş çəkməyə gəlirdim”
Bu zaman Kamran Məmmədov özü ilə gətirdiyi bıçağı cibindən çıxararaq Faiq İsgəndərlinin ürək nahiyyəsindən vurib. Sonuncu aldığı xəsarətdən ölüb.
İstintaq orqanı tərəfindən Kamran Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamran Məmmədov 2015-ci ilə qədər mütəmadi olaraq Qızılhacılı qəsəbəsində yaşayıb: “Həmin ildən Stavropol şəhərində bazarda fərdi sahibkarlıqla məşğulmuşam. Qızılhacılı qəsəbəsində anam Könül və qardaşım ailə üzvləri ilə birlikdə yaşayıblar. 2015-ci ildə atamın yanına getdim. Orada kirayədə tək yaşayıb, atamın meyvə-tərəvəz dükanında satıcı işlədim. Arada bir Goranboy rayonuna ailə üzvlərimə baş çəkməyə gəlirdim”.
“Sərxoş olduğunu, bir səhv etdiyini dedi”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonuncu dəfə 2019-cu ilin dekabr ayının sonlarında taksi ilə Goranboy rayonuna gəlib və yeni ili ailəsi ilə birlikdə qeyd edib: “Bayramın ilk günlərində yenidən Stavropola qayıtdım. Təxminən 5 gün sonra Stavropol şəhərində universitetdə qiyabi oxuyan və sessiya imtahanlarına gələn həmkəndlim Fərid mənə dedi ki, Faiq kənddə ağzına gələni danışır, deyir ki, guya qardaşm İsanın yoldaşının həmkəndlimiz Şəhriyarnan əlaqəsi var.
Həmin vaxtı Faiqə zəng etdim. Ona “Sən qardaşımın arvadı haqqında söz demisən, bu nə məsələdi?” deyə soruşdum. Faiq ilk öncə belə bir söz demədiyini, onu telefonda sıxışdırdıqdan sonra isə həmin vaxtı sərxoş olduğunu, bir səhv etdiyini söylədi, onu bağışlamağımı xahiş etdi.
Faiqə bu söhbətin telefon söhbəti olmadığını, kəndə gələcəyimi, həmin vaxt üzbəüz söhbət edəcəyimizi bildirdim”.
“Faiqin qulağını kəsmək qərarına gəldim”
Kamran Məmmədov qeyd edib ki, Faiqi cəzalandırmaq fikrinə düşüb: “Faiqin qulağını kəsmək qərarına gəldim. Taksi ilə Goranboy rayonuna gəlmək istədim. Lakin qar yağdığına görə Vladiqafqaz tərəfdə yollar bağlı olduğunu bildim.
Sonra Minvoddan Bakıya təyyarə bileti almaq istədim, lakin tapa bilmədin. Fevralın 8-də Minvod-Bakı təyyarə reysinə bilet taparaq aldım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün 20 radələrində Bakı şəhərinə çatıb və taksi ilə Goranboy rayonuna gəlib: “Yolda Faiqin qardaşı Vüsal mənə mesaj yazdı, qardaşı Faiqlə işimin olmamasını, bir səhv etdiyini bildirdi. Gecə saat 1 radələrində Goran qəsəbəsinə çatanda dostum Ümidə zəng etdim, ona “Gorana çatıram, gəl məni götür” sözlərini dedim.
Ümid də qardaşım İsa ilə birlikdə gəldi və məni Goran qəsəbəsindən götürərək evə apardılar. Yolda gedərkən Ümidlə qardaşıma “Faiq düz hərəkət etməyib, mən onunla söhbət edəcəm” dedim. İsa və Ümid də mənə “Artıq bu söhbət bağlanıb, Faiq gəlib İsadan üzr istəyib, sən bu söhbəti yenidən açma” dedilər.
Gecə vaxtı Faiqgilin küçəsi tərəfə getdim, İsanın telefonundan və öz telefonumdan Faiqə mesaj yazdım ki, görüşək. Lakin Faiq mənə cavab yazmadı. Həmin vaxt qardaşım İsa və Ümid də mənimlə Faiqgilin küçəsi tərəfə gəlmişdlər ki, Faiqlə savaşmayım”.
“Dublyonkamı soyundum ki, rahat hərəkət edim”
Kamran Məmmədov bildirib ki, səhər saatlarında qardaşı işə gedib: “Təxminən saat 10 radələrində oyandım, saat 11 radələrində əmim oğlu Orxan Məmmədova zəng etdim. Ona dedim ki, gedək maşınımı qardaşımdan götürək, işim var. Orxandan qabaq Faiqə zəng etdim, onun mağazalarının yanında dayandığını öyrəndim.
Əmim oğlu Orxan məni evdən götürdü və maşınının yanına düşürdü. O, mənə “mamangil gəlir, onları da götür” dedi. Mən “elə onları götürməyə gedirdim” dedim. Anamgili evə düşürdükdən sonra yenidən Faiqin harada olduğunu öyrənmək üçün ona zəng etdim. O “Lələnin çayçısı"nın yanında olduğunu bildirdi.
Həmin yerə çatana qədər Faiqin Pötüş ləqəbli Elşadla çayxana tərəfdən yolun qırağı ilə piyada gəldiyini gördüm. Avtomobili onların yanında saxladım və Faiqə başımla işarə edərək qabaq oturacağa oturmasını göstərdim”.
Kamran Məmmədovun ifadəsinə görə, həmin vaxtı Elşad arxa qapını açaraq maşına oturmaq istəyib: “Mən maşından düşdüm, Elşadla görüşdüm və ona işim olduğunu, bir azdan gələcəyimi bildirdim. Faiq oturduqdan sonra avtomobili Qızılhacılı qəsəbəsindən Xanqərvənd kəndi istiqamətində hərəkət etdirdim.
Yolda gedərkən danışmadım. Faiq isə “Niyə danışmırsan?” dedi. Mən isə cavabımda “Çataq, danışarıq” dedim. Xanqərvənd kəndi istiqamətində hərəkətdə olarkən Qızılhacılı qəsəbəsinin ərazisində yolun qırağında, sağ hissədə su arxı və həmin arxın sağ tərəfdə əkin sahəsinin yanı tərəfə döndüm. Ora dönməyinin səbəbi su arxının üstündə sarı rəngli uzun qamışlıqların olması və həmin ərazinin yol tərəfdən görünməməsi, orada Faiqlə rahat söhbət edə biləcəyimi fikirləşməyim olub.
Həmin yerə döndüm, avtomobili arxasını yola tərəf saxladım. Əvvəlcədən dublyonkamı soyundum, arxaya atdım ki, rahat hərəkət edə bilim. Avtomobili saxladıqdan sonra Faiqə düşməsini bildirdim. Hər ikimiz eyni vaxtda düşdük, avtomobilin ön hissəsinə 2 metr məsafədə dayandıq”.
“Dedi ki, Şəhriyar İsanın arvadına girişir”
Təqsirləndirilən şəxs daha sonra ifadəsində Faiq İsgəndərli ilə olan mübahisəsini danışıb: “Faiqə “ayıb deyilmi, bu nə söhbətdi etmisən, bəlkə düz deyirsən, hardan öyrənmisən qardaşım İsanın arvadının Şəhriyarla münasibətinin olduğunu” deyə soruşdum. Faiq isə yenə danmağa başladı. Dedi ki, mən elə söz deməmişəm. Bildirdim ki, eləmədiyin şeyə görə bəs o gün niyə telefonda üzr istəyirdin?
Faiq isə belə cavb verdi: “Bəlkə də demişəm, bu nə söhbətdi ki, bir dənə sözün dalına düşmüsən, sözdü də, hə, demişəm, üzr istəyirəm, qardaşından da üzr istəmişəm, söhbət bağlanıb. Söhbət münasibət məsələsi deyil, Şəhriyarın İsanın arvadına girişməsi məsələsidi”.
Bu sözdən daha da əsəbləşdim. Həmin vaxtı ya bir, ya da iki dəfə Faiqin sifət nahiyyəsinə yumruq vurdum. Faiq yerə yıxılmasa da arxa-arxaya getdi. Sağ əlini gödəkçəsinin sol iç cibinə salaraq bıçaq çıxarıb üstümə cumdu. Faiqin sağ əlində olan bıçağın tiyəsindən tutdum, bıçaq burnumun üstünə və sol əlimə xəsarət yetirdi. Biz süpürləşdik”.
“Faiqi murdar eləmişəm”
Kamran Məmmədovun sözlərinə görə, Faiqin bıçağının tiyəsi onun əlində qalıb: “Evdən götürdüyüm bıçağı arxa sağ cibimdən çıxararaq, Faiqin sinə nahiyəsinə vurdum. Faiqin əlindən aldığım bıçaq dəstəyininin tiyəsini isə arx tərəfə atdım.
Faiq səndələyərək yerə yıxıldı. Bıçağı yenidən qatlayaraq cibimə qoydum, oradan getmək istədim. Lakin Faiqin çırpınaraq xırıldadığını gördüm və ona yazığım gəldiyindən dostum Saməddinə zəng etdim, ondan əmim oğlu Orxanın yanında olub-olmadığını soruşdum, orada olduğu təqdirdə dəstəyi Orxana verməsini istədim.
Saməddin dəstəyi Orxana verdi. Orxana “Faiqi murdar eləmişəm. Gəlin bunu xəstəxanaya aparın, Xanqərvənd yolunun üstündəyəm” dedim. Təxminən 2-3 dəqiqədən sonra yenidən Saməddinə zəng etdim, ondan harda olduqları ilə maraqlandım. Saməddin nə baş verdiyini soruşdu. Mən isə cavabımda “bunun ağzını “belə-belə eləmişəm”, tez gəlin xəstəxanaya aparın” dedim.
Təxminən 2-3 dəqiqə sonra Orxan, Saməddin, Ümid və Elşad gəldi, Faiqi Orxanın avtomobilinə mindirərək apardılar. Saməddin mənim avtomobilimə mindi, Qızılhacılıda düşdü. Saməddinə Faiqi bıçaqla vurduğumu demədim, sadəcə dalaşdığımızı dedim. Mən isə oradan öz avtomobilimlə Gəncə şəhərində yaşayan bibim Sünbülgilə getdim. Əlimdə qan olduğundan bibimə “maşın düzəldəndə əlimi kəsməsini, bunu sarı” dedim.
Bibim əlimi sarıdıqdan sonra avtomobilimlə Gəncə şəhərində tanımadığın küçələrin birində maşını saxladım, piyada gəzməyə başladım. Daha sonra tanımadığım polis əməkdaşı mənimlə əlaqə saxlayaraq şöbəyə gəlməyimi, təslim olmağımı bildirdi. Mən isə Gəncədə olduğumu bildirdim. Bundan sonra polis əməkdaşları məni Gəncə şəhərindən gətirdilər”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Məmmədovun əməli Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
Kamran Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.