Yeniyetmələr oğurladıqları avtomobilləri niyə yandırıb?
Bakıda avtomobillərdən oğurluq edən yeniyetmələrdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oktyabrın 14-də Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivində, orada yaşayan Münasib Hüseynliyə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
Bakı şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti və Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıranlar - Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Fərid Əsgərov, 1996-cı il təvəllüdlü Əziz Quliyev və 1995-ci il təvəllüdlü Mirsaleh Axundov oktyabrın 18-də Maştağa qəsəbəsi Nizami küçəsində avtomobili ön hissəsi əzik vəziyyətdə idarə edərkən tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, Fərid Əsgərov bundan başqa, Sabunçu qəsəbə sakinləri, 1993-cü il təvəllüdlü Emil Muradov, 1996-cı il təvəllüdlü Qüdrət Əliyev, 1995-ci il təvəllüdlü Nicat Abdullayev və 1988-ci il təvəllüdlü Vasif Baxşıyev ilə birlikdə sentyabrın 26-na keçən gecə Maştağa qəsəbəsi H.Abbasov küçəsində, orada yaşayan Şöhrət Zülfüqarova məxsus “VAZ-2102” markalı avtomobili qaçırıb və saat 15 radələrində avtomobil B.Dadaşov küçəsində tam yanmış vəziyyətdə aşkar edilib.
Onlar sentyabrın 27-də Maştağa qəsəbəsi Savalan yaşayış sahəsindən Kürdəmir rayon sakini Yalçın İsmayılova məxsus “VAZ-21011” markalı avtomobili qaçırıblar və maşın Maştağa qəsəbəsi Nizami küçəsində tam yanmış vəziyyətdə aşkar edilib.
Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçıları olan Emil Muradov, Qüdrət Əliyev, Nicat Abdullayev və Vasif Baxşıyev də yaxalanıblar.
Hacı Zeynalov