Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, nəticədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Ağır yol nəqliyyat hadisələrindən biri Xaçmaz şəhərində qeydə alınıb. Rayon sakini Nəsrəddin Səmədov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən həmyerlisi Güldadaş Cavadovu vurub. Piyada xəstəxanaya aparılarkən ölüb.
Xəzər rayonunun Türkan qəsəbəsində qəsəbə sakini Qismət Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Oktyabrın 18-də saat 18 radələrində Qazax rayonunun 2-ci Şıxlı kəndində kənd sakini Hamlet Cəlalov idarə etdiyi “Ford-Transit” markalı avtomobili aşırıb və hadisə yerində ölüb. Həmin gün Ağstafa rayonunun Göyçəli kəndində də yol qəzası olub. Şirvan şəhər sakini Orxan Dəmirov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı reklam lövhəsinə vurub və sonradan avtomobil aşıb. Xəstəxanaya yerləşdirilmiş sürücü ölüb.
Daha bir yol qəzası Qusar rayonunun Kirik kəndində qeydə alınıb. Rayon sakini Şaiq Qaflanov idarə etdiyi “Mitsubishi” markalı avtomobili yolun kənarındakı ağaca vurub və hadisə yerində ölüb.
Hacı Zeynalov