20 Oktyabr 2014 15:02
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmə və israf etməkdə təqsirli bilinən “RoyalBank” ASC-nin “Tovuz” filialının müdiri Ədalət Müseybov, ASC-nin “Gəncə” filialının müdiri Anar Tağıyev, bankın digər vəzifəli şəxsləri – Xanlar Səfərov, Vüsal İbrahimov, Bayram Vəliyev, Zöhrab Bayramov, Elşən Paşayev, Nizami Qarayev, Rauf Hüseynov, Aytin Bayramov, Zakir Namazov, Fikrət Mehdiyevin apelyasiya şikayətləri üzrə məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, “RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyindən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi başlanıb.


Müəyyən edilib ki, ASC-nin “Tovuz” filialının müdiri Ədalət Müseyibov cəmiyyətin Müşahidə Şurasının sədri Cam Əli Mohammad və digərləri ilə qabaqcadan əlbir olublar. Onlar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək qərarına gəliblər. Belə ki, mütəşəkkil dəstənin üzvləri bu məqsədlə kənd təsərrüfatı krediti almaq üçün bankın “Tovuz” filialına müraciət etmiş Tovuz rayon sakinləri Nizami Qarayev, Seyfəddin Abbasov və İsbəndiyar Müseyibovun adına müxtəlif məbləğlərdə kreditlər rəsmiləşdirməklə ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdıraraq pulu vətəndaşlara verməyib və kassadan götürüblər. Bununla da Ədalət Müseyibov və digər şəxslər adları qeyd olunan şəxslərə verilməli olan 400.0 min manat məbləğində pulu mənimsəyərək talayıblar.

İstintaq həmçinin müəyyən edib ki, ASC-nin “Gəncə” filialının müdiri Anar Tağıyev cəmiyyətin Müşahidə Şurasının sədri Əli Cam və digərləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kredit almaq üçün filiala müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına ümumilikdə 1 milyon 120.0 min manat məbləğində kredit rəsmiləşdirib. Bundan sonra ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdırmaqla həmin vəsaitdən cəmi 67.0 min manatını vətəndaşlara verməklə, qalan məbləğləri isə kassadan qanunsuz olaraq götürməklə ümumilikdə 1 milyon 53 min manat məbləğində pulu mənimsəyiblər.

Bundan başqa, istintaq müəyyən edib ki, “Röyalbank”ın paytaxtda olan baş ofisində və digər filiallarında da qanunsuz hərəkətlər aşkarlanıb. Belə ki, bankın vəzifəli şəxsləri bir qrup vətəndaşın adına kredit yazsa da, həmin kreditlər vətəndaşlara verilməyib və bankın vəzifəli şəxsləri tərəfindən mənimsənilib. Bununla da bankın vəzifəli şəxsləri 10 milyondan çox pulu mənimsəyərək, cinayət əməli törədiblər. Qeyd edək ki, İran mənşəli ABŞ vətəndaşı Əli Cam əsas səhmdarı olduğu “Royalbank” ləğv edilib. Mərkəzi Bankın məlumatına görə, bu qərar bankın məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyi üçün verilib.

Mərkəzi Bankın İdarə Heyətinin adı çəkilən qərarı ilə “Royalbank” ASC-yə müvəqqəti inzibatçı təyin edilib. O, bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir. 1993-cü ildən fəaliyyət göstərən Royal Bank-ın əsas səhmdarı (44,5%) İran mənşəli ABŞ vətəndaşı Əli Camdır. Onu da qeyd edək ki, Iranın çirkli pullarının “Royal Bank”da “yuyulması” barədə də iddialar yayılıb. Bu barədə hətta məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da bəhs olunurdu.

Əlavə edək ki, Royal Bank-ın əsas səhmdarı olan İran mənşəli ABŞ vətəndaşı Əli Cam istintaq başlanan kimi Azərbaycanı gizlicə tərk edib və istintaqdan yayınmağı bacarıb. Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Əli Camın barəsində həbsli axtarış elan ediblər.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ədalət Müseyibov 8 il, Anar Tağıyev 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə digər təqsirləndirilənlər Xanlar Səfərov, Vüsal İbrahimov, Bayram Vəliyev, Zöhrab Bayramov, Elşən Paşayev, Nizami Qarayev, Rauf Hüseynov, Aytin Bayramov, Zakir Namazov, Fikrət Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib və onlar şərti cəza alıblar. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər. Lakin məhkəmə vəsatəti təmin etməyib və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib. Qərardan narazı qalan təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər. Onlar kasasiya şikayətlərində apelyasiya instansiyasında şikayətlərinin məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyiblər. Cinayət işinin materialları baxılması üçün Ali Məhkəməyə göndərilib. Apelyasiya instansiyasında məhkəmə prosesi qeyri müəyyən vaxtadək təxirə salınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər