Gədəbəy rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan 1963-cü təvəllüdlü Mirəziz Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Gədəbəyin Çobankənd kəndində yaşayan Mirəziz Cəfərov arvadı Həyat Pənahova ilə mübahisə edib. Bu zaman arvadını yumruq-təpiklə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İMirəziz Cəfərovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Mirəziz Cəfərov bildirib ki, 2005-ci ildə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub və məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci il tarixdə 3 ay 21 gün vaxtından əvvəl şərti azad edilib:
“Hazırda Gədəbəy rayonu, Leşkər kəndində yaşayıram. Həyat Pənahova ilə 2018-ci ilin avqust ayında ailə qurmuşam. Hadisədən təxminən bir il əvvəldən arvadım Həyatla Çobankənd kəndindəki evində yaşamışam. 2020-ci il tarixdə arvadım Həyatın məni qısqanması zəminində mübahisə yarandı və mübahisə vaxtı onu itələdim. Həyat otağın qapısına dəydi və xəsarət aldı. Ondan üzr istəmişəm, barışmışıq”.
Cinayət işi üzrə zərərçəkmiş Həyat Pənahova bildirib ki, 2018-ci ildə Mirəzizlə ailə qurub: “Övladımız olmayıb, bir müddət mehriban yaşamışıq. Lakin 2-3 aydan sonra Mirəziz həmkəndlimiz Ruslana qoşuldu, gecə saatlarında mən yatdıqdan sonra evdən çıxaraq getməyə başladı. Əvvəlcə ərimə heç nə demədim. Sonra Mirəziz müxtəlif bəhanlər gətirərək borcu olduğuna və başqa şəxsi maraqlarına görə məndən pul almağa başladı. Birgə yaşadığımız müddət ərzində Mirəziz hissə-hissə müxtəlif vaxtlarda 15000 manata yaxın pulumu alıb”.
Həyat Pənahovanın sözlərinə görə, 2020-ci ilin yaz aylarında Mirəzizin həmkəndlisi Ruslanın vasitəsi ilə pozğun qadınlara qoşulduğunu eşidib: “Ona görə Mirəzizə daha pul vermədim. Mart ayından etibarən evdən bir neçə dəfə pullarım yoxa çıxdı, lakin sonradan tapıldı. Mart ayının sonlarında da Mirəziz evdə olan zaman 7350 manat pulum və qızıl əşyalarım itdi.
Mirəziz sonradan qızılları geri versə də, pulumu qaytarmadı. Sonradan bildim ki, Mirəziz kiminsə göstərişi ilə pulumu götürüb. Mirəzizgilin kənddə olan evində aramızda mübahisə yarandı. Ondan küsdüm və öz yaşadığım Çobankənd kəndində yerləşən evimə getdim”.
Həyat Pənahova qeyd edib ki, hadisə baş verən günü, axşam saat 22 radələrində əri Mirəziz içkili halda Çobankəndə yaşadığı evə gəlib: “Mənimlə münaqişə yaratdı. Münaqişə zamanı saçımdan tutdu, bədənəmin müxtəlif nahiyyələrinə təpik və yumruqla vurdu. Məni yerə yıxdı və döydü. Döyüldüyüm üçün polis bölməsinə şikayət ərizəsi yazdım.
Mirəzizin məni döydüyünü heç kəs görməyib. Onu bağışlamışam, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edirəm”.
Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Mirəziz Cəfərovun barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.