5 Dekabr 2020 13:06
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda təqsirləndirilən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxsləri- Əbülfəz İbrahimov, Arif Qəmbərov, Nizami Əhmədov, Səmayə Eminova, Bəyəli Xəlilov, Şahin Məmmədov və Elçin Əkbərovun barəsində aparılan ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Məhəmməd Bağırovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilmiş istintaq tədbirləri nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərovun həmin fondun müdir müavini Bəyəli Xəlilov və 2010-2016-cı il tarixlərində DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək vasitəçi kimi tanışı Şahin Məmmədovun köməkliyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilib.

Həmçinin, Elçin Ələkbərovun pensiya təyin etdirmək imkanına malik olduğunu yalandan bildirərək ümumilikdə 21 nəfər şəxsi təkrarən aldadıb 70 min manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə və vasitəçi kimi iştirak etmiş cinayətkar qrupun üzvü Əbülfəz İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, habelə həmin qanunsuz hərəkətinə görə vətəndaşları pul vəsaitini rüşvət qismində verməyə təkrar təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

Şahin Məmmədov Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət almağa kömək etmə) və Əbülfəz İbrahimov CM-nin 178.2.4 (qabaqcadan əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda təkrar dələduzluq) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər