20 Oktyabr 2014 18:04
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır cinayətlər məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Sumqayıt sakinləri Zahid Məmmədovun və Pərvin Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.


Teleqraf.com xəbər verir ki, bu il mayın 4-də, axşam saat 17 radələrində Zahid Məmmədovla Pərvin Əhmədov Sumqayıt şəhərinin 6-cı mikrorayonunda yerləşən çay evində olarkən, Pərvin birgə hərbi xidmətdə olduğu Bəhram Məmmədovun barəsində şəxsiyyətini alçaldan ifadələr işlədib.

Bundan xəbər tutan Bəhram onunla telefon əlaqəsi saxlayıb və görüşmək üçün Sumqayıta gələcəyini deyib. Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Bəhram Məmmədov saat 22 radələrində həmin çayxanaya gəlib. Təxminən 10 dəqiqə oturandan sonra Bəhramla Pərvin birlikdə çölə çıxıblar. Onlar əvvəlcə çay evi ilə üzbəüz yerləşən idman zalının qarşısında, sonra isə arxasında olan boş sahədə sözlə mübahisə ediblər.

Zahid Pərvinin Bəhramla dalaşacağını güman edərək, dostuna kömək etmək qənaətinə gəlib. O, çay evinin mətbəxinə keçib və orada işləyən şəxslərin xəbəri olmadan bıçağı götürərək çay evindən çıxıb. O, Bəhramın qolundan tutaraq getməsini tələb edib. Bəhram isə getməkdən imtina edib. Zahid heç bir əsaslı səbəb olmadan Bəhramı öldürmək qərarına gəliblər.

Bu niyyətlərini həyata keçirmək üçün Zahid yerdən götürdüyü daş parçasını 2-3 metr məsafədən qüvvətli zərbə ilə atıb və nəticədə Bəhramın qulağının arxasına xəsarət yetirib. Pərvin öz növbəsində təpik və yumruqla onun bədəninin müxtəlif nahiyyələrinə ardıcıl zərbələr vurub. Həmin zərbələrin təsirindən Bəhram yerə yıxılıb. Bəhram ayağa qalxarkən Zahid bıçaqla ilk zərbəni ona vurub. O, yerə yıxılandan sonra daha bir neçə bıçaq zərbəsi vurulub. Zərbələri vurandan sonra Zahidlə Pərvin hadisə yerindən uzaqlaşıblar.

Mərkəzi şəhər xəstəxanasına çatdırılan Bəhram Məmmədov kəskin qanitirmədən dünyasını dəyişib, həmin gecə Pərvin Əhmədov Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha 2 gündən sonra axtarış tədbirləri nəticəsində Zahid Məmmədov tutulub.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər