Penitensiar Xidmət əməkdaşları “məişət zorakılığı”na həsr edilmiş təlim kursunda iştirak ediblər.
Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə birgə məişət zorakılığının aradan qaldırılması, eləcə də zorakılığa məruz qalmış uşaq və gənclərin müdafiəsi və reabilitasiyası məsələləri ilə bağlı keçirdiyi tədbirlərdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları da fəal iştirak edirlər.
Növbəti belə tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman aparatı və “Ümidli gələcək” Gənclər təşkilatı tərəfindən təşkil edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iclas zalında keçirilən təlim kursunda Penitensiar xidməti Tərbiyə işinin təşkili idarəsinin məsləhətçisi, psixoloq Ləman Verdiyeva və İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, ədliyyə kapitanı Samir Cabbarov təmsil ediblər.
Tədbirdə məişət zorakılığı, onun yayılma dərəcəsi, bu sahədə dünya ölkələri və Azərbaycanda ümumi mənzərə, problemin qanunvericilikdə əksi, məişət zorakılığına qarşı dövlət qurumlarının fəaliyyət istiqamətləri və zorakılığa məruz qalanlara ilkin təxirəsalınmaz yardım, zorakılığın fəsadları barədə müzakirələr aparılıb, zorakılığın baş verməməsi məqsədilə profilaktiki müdaxilələr diqqətə çatdırılıb.
Hacı Zeynalov