Ağdaş rayonunda qətl hadisəsi törədilib.
Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə oktyabrın 20-də Ağdaşın Qarağan Şıxlar kəndində baş verib.
Rusiya Federasiyasının vətəndaşı, 1991-ci il təvəllüdlü Əşrəfli Ərəstun Fizuli oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Qarağan Şıxlar kənd sakini, 1993-cü il təvəllüdlü Ömərov İsgəndər Qalib oğlunu bıçaqlayıb.
Bir neçə bıçaq xəsarəti alan İsgəndər Ömərovu küçənin ortasında yaralı vəziyyətdə qoyaraq Rusiyaya qaçmaq üçün Bakıya gedən Ərəstun Əşrəfli polis əməkdaşları tərəfindən isti izlərlə tutularaq Ağdaşa gətirilib və istintaqa təhvil verilib.
İ. Ömərov ağır vəziyyətdə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib. Hadisənin dəqiqi səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.