24 Dekabr 2020 14:15
2 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1974-cü il təvəllüdlü Elnur İsayevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Elnur İsayev arvadı Fərqanə İsayevanın başqa bir kişi ilə telefonla danışıb, qadın-kişi münasibəti qurmasından şübhələnib.

Bu səbəbdən təxminən 2020-ci ilin aprel ayının əvvəllərindən Fərqanə İsayeva ilə onun münasibətlərində gərginlik olub, qısqanclıq zəminində bir neçə dəfə mübahisə baş verib, o, arvadını döyüb.

Qadın əri evindən qaçdı

Hadisənin baş verdiyi gündən təxminən 1 ay əvvəl yenə də Elnur İsayev ilə arvadı arasında mübahisə olub, dalaşdıqdan sonra Fərqanə İsayeva bibisinin yaşadığı evə gedib, orada qalıb.

Elnur İsayev Fərqanə İsayevanı geri qaytarmaq istəyib. Lakin cəhdlərinin boşa çıxdığını gördükdə hadisə baş verən günə kimi hər axşam Fərqanə İsayevanı qaldığı evin həyətində güdüb.

Elnur İsayev bu il mayın 19-də Fərqanə İsayevanı qeyd olunan ünvanda güdərək onun başqa şəxslə danışmağa davam etdiyinin bir daha şahidi olub. O, arvadını öldürməyi qərara alıb. Ertəsi gün yaşadığı evdən mətbəx bıçağı götürərək öncə “Energetik” klubuna yollanıb, iki bakal pivə içib.

Havanın qaraldığını və arvadını öldürmək üçün əlverişli şərait olduğunu düşünüb, klubdan çıxaraq təqribən saat 21 radələrində ora gəlib.

Gecə yarı qətl

Elnur İsayev gizli şəkildə evin bağ tərəfində dayanıb və Fərqanə İsayevanın çölə çıxmasını gözləyib. Qısa müddət sonra Fərqanənin çölə çıxdığını görüb, yaxınlaşaraq bıçaqla onun sinə nahiyəsinə iki zərbə endirib.

Qadın yerə yıxıldıqda onu tez öldürmək niyyəti ilə bədəninin müxtəlif nahiyələrinə daha 7 zərbə vurub. Fərqanə aldığı xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Elnur İsayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Kişi deyilsən, boşa, mən qəbul edirəm...”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur İsayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Onun ifadəsinə görə, Fərqanənin başqa şəxslə münasibəti haqda eşidəndə onun atası Tahir İsmayılova müraciət edib: “Atası "gözümlə görməsəm, inanmamaram" dedi. Arabir arvadımla aramızda mübahisələr olsa da, bu qədər ciddi münaqişə baş verməmişdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra arvadının başqa şəxslə telefonda danışıqlarını görüb və bu barədə Fərqanənin atası Tahir İsmayılova bildirib: “Tahir İsmayılov telefonda mənə “kişi deyilsən, boşa, mən qəbul edirəm” dedi. Bir ay yarım arvadımı izlədim, mənə xəyanət etdiyini öz gözlərimlə gördüm. Onun gecə telefonla danışdığının şahidi oldum”.

“Anam ailəmin dağılmasını istəmədi”

Elnur İsayev bildirib ki, anası onun ailəsinin dağılmaması üçün Tahir İsmayılovun evinə gedib:

“Həmin vaxt onlar anamın ünvanına xoşagəlməz ifadələr işlətmişdi. Bu səbəbdən anam ağlayıb, oradan geri qayıtdı. Bir gün gizli olaraq Fərqanənin qaldığı evdə yataq otağının pəncərəsinə yaxınlaşıb izləməyə başladım. Otağın pəncərəsinin yuxarı hissəsinin azca açıq olduğundan Fərqanənin yavaş səslə kiminləsə danışdığını gördüm.

O, telefonda danışdığı kişiyə boşandığını və onun yanına gələcəyini dedi. Fərqanənin telefonda danışdığı şəxsin adı Habil idi. Artıq onu öldürməyə qərar verdim”.

“Sinə nahiyəsinə iki zərbə endirdim”

Elnur İsayevin sözlərinə görə, hadisə günü Fərqanənin qaldığı evin bağına daxil olub və əlverişli şəraiti gözlyib: “Təqribən 10 dəqiqə sonra Fərqanənin çölə çıxdığını və qab yumağa başladığını gördüm. Ayaqqabılarımdan səs çıxmasın deyə onları soyundum, sağ ayağımın topuq hissəsində gizlətdiyim bıçağı çıxardım.

Fərqanəyə arxa tərəfdən yaxınlaşmağa başladım. Qışqırmaması üçün ağız nahiyəsindən tutdum. Əlimdəki bıçaqla sinəsinə iki zərbə endirdim. Fərqanə yerə yıxıldı və qışqırmağa başladı”.

Elnur İsayev qeyd edib ki, bıçaqla dayanmadan qadının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə davam edib: “Onun artıq öldüyünü gördüm, hadisə yerini tərk etdim. Oradan çıxıb birbaşa təslim olmaq üçün Mingəçevir şəhər polis şöbəsinə gələrək arvadımı öldürdüyüm barədə məlumat verdim. Əməlimdən peşman deyiləm, namusumu təmizləmişəm”.

“Qızımı başqa şəxslə tutmusansa, öldür, qanı halaldır”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən atası Tahir İsmayılov bildirib ki, mərhum qızı ilə Elnur İsayev 23 il birgə yaşayıb: “Onların ailə həyatı qurduğu 23 il ərzində Elnurun qızımı döydüyü üçün onu hər dəfə gedərək öz evimə gətirmişəm. Qızımı hər dəfə yaşadığım evə gətirəndə onun əri ilə münasibətlərinin qaydasına düşəcəyini fikirləşmişəm. Bunun üçün onu Elnurla barışdırmışam, övladları olduğu üçün qızımın boşanmasını istəməmişəm. Buna görə də Elnuru etdiyi hərəkətlərə görə hər dəfə bağışlamışam”.

Tahir İsmayılovun ifadəsinə görə, bir dəfə Elnur iş yerinə gələrək qızının Habil Hüseynovla münasibətdə olduğunu bildirib: “Mən həmin vaxt Elnura “qızımı başqa şəxslə tutmusansa, öldür, qanı halaldır” dedim”.

Qızının qətlə yetirilməsindən danışan Tahir İsmayılov qeyd edib ki, təqsirləndirilən şəxslə barışmayıb, ondan şikayətçidir.

“Aramızda intim münasibət olmayıb”

Cinayət işi üzrə şahid qismində ifadə verən Habil Hüseynov bildirib ki, Elnur İsayev arvadının onunla münasibətdə olduğunu bildirib və onu dəfələrlə hədələyib: “Mən isə hər dəfə Elnura onun arvadı ilə aramızda heç bir münasibət olmadığını, belə bir şeyi sübut etdikdən sonra mənimlə danışmalı olduğunu bildirdim.

Fərqanə İsayeva ilə telefonla danışmamışam. Alverçi olduğum üçün o, məndən bazarlıq edib. Nə isə alanda telefon vasitəsilə mənimlə əlaqə saxlayıb.

Fərqanə İsayeva bibisigilə gedəndən sonra, yaxud hadisə baş verən zaman da aramızda telefon danışıqları olmayıb. Hər hansı yaxın və ya intim münasibət saxlamamışıq”.

Bu cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Elnur İsayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov