5 Yanvar 2021 12:20
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda arvadına işgəncə verməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Elvin Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Elvin Rüstəmov Müşfiqabad qəsəbəsində yaşadığı evə mütəmadi sərxoş vəziyyətdə gəlməsinə görə arvadı Bənövşə Məhərrəmova ona irad tutub.

Bu səbəbdən onların arasında bir neçə dəfə münaqişə yaranıb. Elvin Rüstəmov 2009-cu il təvəllüdlü oğlunun gözləri qarşısında Bənövşə Məhərrəmovanın bədəninin müxtəlif nahiyələrinə təpik-yumruqla zərbələr enidrib, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Bundan başqa, Elvin Rüstəmov dəfələrlə arvadını döyüb, ona müxtəlif formalarda işgəncə verib.

İstintaq orqanı tərəfindən Elvin Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) və 133.1-ci (mu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin Rüstəmov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Şamaxı rayonu, Böyük Xınızlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Müşfiqabad qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm. 2008-ci ildə Bənövşə ilə ailə həyatı qurmuşam. Əvvəllər münasibətimiz normal olsa da, son zamanlar Bənövşə ilə yola gedə bilməmişik.

Yaşadığım evdə olanda Bənövşəyə qapıda dayanmamağı və evə keçməyini dedim. O, sözümə baxmayıb evə keçmədi. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı yaşadığımız evə keçdik. Orada mübahisələrimiz davam etdirdik. Həmin vaxtı əsəbləşdiyim üçün Bönövşənin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurdum. Həmin vaxtı azyaşlı oğlumuz bizi ayırdı.

Sonradan Bənövşənin qolu sındığı üçün ondan polisə müraciət etməməsini xahiş etdim. Bənövşə ilə birlikdə sınıqçının yanına getdik, sınıqçıda Bənövşənin qolunu sarıdılar. Bundan sonra Bənövşə ilə aramızda yenə mübahisələr oldu”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, növbəti mübahsilərindən sonra Bənövşə hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə müraciət edib: “Bənövşənin sözümə baxmadığı üçün döydüm. Məni Qobu polis bölməsindən çağırsalar da, polisin cağırışlarına getmədim. Bənövşə ilə aramızda mübahisələr isə davam etdi.

Bənövşə sözümə baxmadığı üçün aramızda yenə mübahisə baş verdi. Əsəbləşərək Bənövşənin bədəninin müxtəlif nahiyələrində təpik-yumruqla vuraraq xəsarət yetirdim. O da polisə müraciət etdi. Abşeron rayon Polis İdarəsinin əməkdaşları məni yaşadığım evin yaxınlığında saxlayaraq polis idarəsinə dəvət etdilər. Bundan imtina etməyərək polislərlə birlikdə polis idarəsinə gəldim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bənövşə Məhərrəmova bildirib ki, Elvin Rüstəmovla 2008-ci il tarixdə ailə həyatı qurub: “Birgə nikahdan bir övladım var. Ailə həyatı qurduqdan sonra münasibətlərimız normal olsa da, son zamanlar Elvinlə aramızda ailədaxili münasibətlər pozulub. Elvin evə tez-tez içkili vəziyyətdə gəlir, mənimlə mübahisə edir, evdə söz-söhbət yaradır”.

Bənövşə Məhərrəmovanın sözlərinə görə, növbəti dəfə Elvin evə içkili vəziyyətdə gəlib: “Ona irad bildirdim. Bunun üstündə mübahisə baş verdi. Elvin yumruqla başıma vurmaq istəyərkən əlimi başıma tutdum. O, yumruqla zərbə vurdu və sol qolumdan xəsarət aldım. Bununla bağlı polisə şikayət etmədim, yaxınlıqda qonşumuz olan sınıqçının yanına getdim, qolumun sındığını dedim. Sınıqçı da qoluma sarğı qoydu”.

Bənövşə Məhərrəmova qeyd edib ki, bu hadisədən sonra gecə saat 1 radələrində Elvin yenə evə içkili vəziyyətdə gəlib: “Elvin mənimlə mübahisə etməyə başladı. Mən də ona içməyi ilə bağlı etirazımı bildirdim. Elvin sağ yanaq nahiyəmdən, bədənimin müxtəlif nahiyələrindən təpiklə və yumruqla vurdu. Mən də hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə müraciət etdim. Sonra polis əməkdaşları məndən ərizə və izahat aldılar”.

Bənövşə Məhərrəmova bildirib ki, bundan başqa Elvin evdə 700 qramlıq şüşədə olan araq içib və sonra yatıb: “Sonra mən də yatdım. Az bir vaxt keçməmiş Elvin ayağa durdu, məndən bayıra çıxmağımı dedi. Çöldə havanın soyuq olduğunu söylədim. O, səbəbsiz yerə yumruq-təpiklə başıma, sifətimə, bədənimin müxtəlif nahiyələrinə vurdu. Həmin günü Elvin məni evdə döyərkən orada heç kim olmayıb”.

Zərərçəkmişin sözlərinə görə, səhəri gün saat 21 radələrində Elvin yenə evdə araq içib və onu döyüb: “Mən də onun əlindən çıxaraq bayıra qaçdım. Evin qarşısında yamac hissədə Elvin mənə çatdı, orada yumruqla vuraraq məni yerə yıxdı. Yamacdan təxminən 15 metr dərəyə yuvarlanaraq oraya düşdüm. Sonra dərədən çıxıb polisə zəng etdim”.

Bənövşə Məhərrəmova ifadəsinin sonunda əri ilə barışdığını, onu bağışladığını söyləyib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Elvin Rüstəmov 2 il 7 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Abşeron rayonu, Bakı şəhəri ərazisini və saat 23.00-dan saat 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulub.

Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər