Xaçmaz rayonunda qohumunu qətlə yetirməkdə ittiham olunan Fazil Quliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Telman Hüseynovun icratına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, qətl hadisəsi bu ilin aprel ayında Xaçmaz rayonunun Ağtala kəndində baş verib.
Kənd sakini Fazil Quliyev sərxoş vəziyyətdə evinə gələrək həyat yoldaşı ilə mübahisə edib.
Səs-küyə gələn qayını, 1994-cü il təvəllüdlü Murad Allahverdiyev onları sakitləşdirmək istəyib.
Bundan əsəbiləşən Fazil Quliyev evində saxladığı ov tüfəngi ilə Murad Allahverdiyevi güllələyib.
Murad Allahverdiyev Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Fazil Quliyev saxlanılıb.
İstintaq orqanı tərəfindən Fazil Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.