11 Yanvar 2021 12:06
1 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda qətldə ittiham olunan 2004-cü il təvəllüdlü Raul Namazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Raul Namazov ötən il iyunun 22-də saat 12 radələrində Bərdə şəhərində qeyri-rəsmi usta köməkçisi işlədiyi “Ümid” adlı bərbərxanada iş yoldaşı Ceyhun Məmmədovun ona “evlən, arvad al, evini əxlaqsızlıq yuvasına çevirək” kimi söz atmasını özünə təhqir hesab edib.

Raul Namazov Ceyhun Məmmədovla mübahisə edib, sonra qisas almaq niyyətilə onu öldürmək qərarına gəlib. Həmin gün o, günorta saatlarında bərbərxanada divanın üzərində yatan Ceyhun Məmmədovun qarın nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.

“Ceyhunun sözü mənə çox pis təsir etdi”

İstintaq orqanı tərəfindən Raul Namazovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Raul Namazov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, 2018-ci ildən Bərdə şəhəri, Həzi Aslanov küçəsində yerləşən bərbərxanada qeyri-rəsmi usta köməkçisi işləyib:

“2020-ci ilin iyunun 22-də saat təxminən 11 radələrində Ceyhun mənimlə etikadan kənar zarafat etdi. Dedi, get özünə bir arvad al, evinizi Şirvangöl elə. “Şirvangöl” adlanan obyektin əxlaqsızlıq yuvası olduğunu bildiyimə görə bu sözlərdən çox əsəbləşdim. Ondan hansı səbəbdən mənə belə dediyini soruşdum, cavab vermədi. Söz mənə çox pis təsir etdi və Ceyhunu cəzalandırmaq qərarına gəldim”.

“Şəhlaya mənə bıçaq lazım olduğunu dedim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu söhbətdən təxminən 5-10 dəqiqə sonra o, bərbərxananın yaxınlığında yerləşən bərbərxana sahibi Vüsalın evinə gedib: “Vüsalın anası Şəhla məni qarşıladı. Ona bıçaq lazım olduğunu dedim və mənə bıçaq verməsini xahiş etdim. Şəhla da evdən bıçaq götürüb mənə verdi. Məqsədim Ceyhuna xəsarət yetirməklə onu cəzalandırmaq idi.

Bıçağı cibimə qoyub salona gəldim. Həmin vaxt Sənanla Ceyhun da salonda idilər. Bıçağı mətbəxdə stəkanların arxasında gizlətdim, yenidən bərbərlərin yanına qayıtdım”.

“Həyəcanlı olduğumdan qapını açaraq salonu tərk etdim”

Raul Namazov bildirib ki, təxminən 1 saat sonra mətbəxdən bıçağı götürüb və şalvarının arxa hissəsinə qoyub: “Yenidən geri qayıtdım. Ceyhun salonun giriş qapısından sol tərəfdəki divanda uzandı. Mən təxminən 3-4 dəqiqə Sənanla söhbət etdim. Sənan salonun qapısından bayıra çıxdı, Ceyhun isə hərəkətsiz şəkildə divanda uzanmışdı.

Sənan bayıra çıxandan sonra salonda Ceyhunla təklikdə qalmağımdan istifadə edərək gizlətdiyim bıçağı çıxardım. Divanda uzanan Ceyhunun qarın nahiyəsinə qəflətən bir zərbə endirdim. Ceyhun başını divandan qaldırdı, mən isə həyəcanlı olduğumdan qapını açaraq salonu tərk etdim.

Salondan qaçarkən qapıda Sənanla qarşılaşdım və ona heç bir söz demədim. Qaça-qaça “Bolmart” supermarketinin yanında dayanmış ağ rəngli dövlət qeydiyyat nişanını xatırlamadığım “Mercedes Benz” markalı taksiyə əyləşərək Bakı küçəsində yerləşən evimizə getdim. Mobil telefonumda kontur olmadığından dostum Camalın evinə gedərək atama zəng etmək üçün ondan mobil telefonunu tələb etdim. Lakin Camala baş verənlər barədə bir söz demədim.

Camalın telefonundan atama zəng etdim, mənimlə birlikdə salonda işləyən Ceyhunla dalaşdığımı dedim. Atam məndən Ceyhunun mobil telefon nömrəsini istədi.

Təxminən 30 dəqiqə sonra atam binamızın qarşısına gəldi. Həmin müddətdə binanın qabağında əyləşərək Camalla söhbət etdim. Bıçaq da mənim üzərimdə idi. Atam binanın qabağına gəldi, mənə xəstəxanaya Ceyhunun yanına gedəcəyini bildirdi. Atam xəstəxanaya getdikdən təxminən 10 dəqiqə sonra polis əməkdaşı məhləyə gəldi.

Polis əməkdaşı mobil telefon nömrəmə zəng edərək, evə gəlməyimi istədi. Mən də onun yanına gəldim. Məni Bərdə rayon polis şöbəsinə dəvət etdilər. Üzərimdə olan bıçağı təqdim etdikdən sonra Bərdə rayon polis şöbəsinə getdim”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi cinayət əməlindən peşman olmadığını bildirib.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin huquqi varisi, Hüsü Məmmədov bildirib ki, mərhum oğlu Ceyhun dostu Vüsalın “Ümid” adlı kişi salonunda işləyib: “Vüsal, oğlum Ceyhun və Sənan üçlükdə yoldaşlı şəkildə işləməklə dolanışıqlarını təmin ediblər. Raulu isə oğlum Ceyhun həmin kişi salonunda işləməyə başladığı vaxtdan tanımışam”.

“Ceyhuna Raulun qayçı ilə xəsarət yetirdiyini bildirdi”

Hüsü Məmmədovun sözlərinə görə, hadisə baş verən günü işi ilə əlaqədar Ağcabədi şəhərində olan zaman təxminən saat 12.55-də Vüsal onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib: “Vüsal oğlum Ceyhuna Raulun qayçı ilə xəsarət yetirdiyini bildirdi. Ondan Ceyhunu təcili Bərdə rayon mərkəzi xəstəxanasına çatdırmasını xahiş etdim.

Daha sonra qardaşıma zəng edib Ceyhunun xəsarət alması barədə məlumat verdim və dərhal özünü həmin yerə çatdırmasını dedim. Yenidən Vüsala zəng edərək harada olduqlarını soruşdum. Vüsal isə hələ də salonda olduqlarını bildirdi. Buna görə də yenidən qardaşımın mobil telefonuna zəng etdim, Ceyhunun hələ salonda olması barədə məlumat verdim.

Dərhal özümə məxsus “VAZ-21074” markalı avtomobillə Ağcabədi şəhərindən Bərdə rayon mərkəzi xəstəxanasına gəlmək üçün yola çıxdım. Yolda qardaşım mənə zəng edərək Bərdə rayon mərkəzi xəstəxanasında olduqlarını bildirdi. Xəstəxanaya çatdıqdan sonra qardaşım mənə bildirdi ki, Ceyhunun işlədiyi kişi salonuna getdikdən bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobilinin gələrək Ceyhunu xəstəxanaya çatdırıb. Ceyhun təxminən saat 18.00-da əməliyyat zamanı dünyasını dəyişdi”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Raul Namazov 10 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər