22 Yanvar 2021 09:57
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon Prokurorluğu jurnalistin qətli ilə bağlı rəsmi məlumat yayıb.

Teleqraf.com-a daxil olan məlumatda qeyd olunur ki, yanvarın 21-də saat 20 radələrində Şəmkir rayonu, Qədimqala kənd sakini, 1985-ci il təvəllüdlü Alıyev Bəxtiyar Adil oğlunun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin dayısı oğlu 1980-ci il təvəllüdlü Aslanov Vasif Elman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Bəxtiyar Alıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Vasif Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

09:19

Şəmkir rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.

Teleqraf.com-un xəbərinə görə, hadisə yanvarın 21-də rayonun Qədim Qala kəndində baş verib.

1985-ci il təvəllüdlü kənd sakini Bəxtiyar Əliyev dayısı oğlu Vasif Aslanov tərəfindən odlu silahla qətlə yetirilib.

Məlumata görə, bir neçə gün əvvəl Bəxtiyar Əliyev Vaqif Aslanovu şantaj edib. Qohumunun bu əməlindən bezən Vaqif Aslanov Bəxtiyar Əliyevi odlu silahla öldürüb.

Şəmkir Rayon Polis əməkdaşları tərəfindən saxlanılan Vaqif Aslanovdan lüləsi kəsilmiş tüfəng götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, B.Əliyev bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olduğu bildirilir.

***

00:13

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Bəxtiyar Əliyev ov tüfəngindən atəş açılaraq öldürülüb. Onu rayon sakini Aslanov Vasif Elman oğlu güllələyib. Məlumata görə, B. Əliyev Vasif Aslanovu şantaj edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs "Qərb bölgəsi press" adlı qəzetinin təsisçisi olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər