Bakıda nənəsini və bibisini qətlə yetirilməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Samir Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Samir Mustafayev ötən il, sentyabrın 24-də, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində nənəsi, 1932-ci il təvəllüdlü Simuzər Cavadova və bibisi, 1959-cu il təvəllüdlü Tamilla Cavadovaya bıçaq xəsarətləri yetirib.
Ana və qızın yaşadıqları evdə üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna həmin gün məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin istintaqla Samir Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vuraraq nənəsi Simuzər Cavadova və bibisi Tamilla Cavadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Samir Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Samir Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə ittiham elan edilib.