Hacıqabul rayonunda ağır cinayətlər törətməkdə təqsirli bilinən Hikmət Fərəcovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il iyulun 30-da saat 10.00 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitin aşkar olunması barədə məlumat daxil olub.
Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla mərhumun 1968-ci il təvəllüdlü Gülxara Qubadlıya olması müəyyənləşib.
Həmçinin elə həmin gün paytaxtın Səbail rayonu Z.Əliyeva küçəsində Masallı rayon sakinin 1999-cu il təvəllüdlü Əli Rəcəbzadəyə yaşadığı mənzildə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Əli Rəcəbzadəyə bıçaqla xəsarətlər yetirməkdə şübhəli bilinən Hacıqabul rayonu Nəvai kənd sakini Hikmət Fərəcov saxlanılıb.
Polis bölməsində dindirilmə zamanı Hikmət Fərəcov iyulun 30-na keçən gecə Hacıqabul rayonu ərazisində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında Gülxara Qubadlını qətlə yetirdiyini də etiraf edib.
Hacıqabul rayonunda hadisəni törədəndən sonra o, qadının çantasındakı pulu da götürərək Bakı şəhərinə gəlib.
Bakı şəhərində isə o, sosial şəbəkələrdən birində tanış olduğu Əli Rəcəbzadənin evinə yollanıb. Hikmət Fərəcov özü ilə gətirdiyi bıçaqla orada həmin şəxsə də xəsarətlər yetirib.