Şəki Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü İkram Mustafayevin cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, İkram Mustafayev 22 noyabr 2010-cu ildə Mehdi Əliyevin evindən oğurluq edib.
O, Mehdi Əliyevin Zaqatala rayonunun Yuxarı Tala kəndindəki evinə girərək 7000 manat, 8450 ABŞ dolları, xeyli miqdarda qızıl əşyaları oğurlayıb. Bundan əlavə, İkram Mustafayev 5 yanvar 2014-cü ildə Güləbatın Əhmədovanın Zaqatala rayonunun Ziliban kəndindəki evindən oğurluq edib. O, həmin evdən 500 manat pul və 10 min manat dəyərində olan qızıl əşyalarını aparıb.
"Pulları barlarda xərcləmişəm"
İkram Mustafayev Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq etmək) maddəsilə ittiham edilib. Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən İkram Mustafayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, 22 noyabr 2010-cu ildə yaşadığı evdə yarım litr araq içib: "Araq içəndən sonra həmkəndlim Mehdi Əliyevin yaşadığı evə girdim. Onun həyətindən götürdüyüm dəmir parçası ilə pəncərəni sındırdım və içəri daxil oldum. Yataq otağında çarpayının üstündə içərisində pul olan sellofan torbanı gördüm. Sellofan torbanın içərisindəki pulu, bir ədəd qızıl boyunbağını, bir cüt brilyant sırğaları və pul kisəsinin içərisindəki 90 gürcü larisini götürdüm".
Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi pullardan özünə avtomobil aldığını bildirib: "Oğurluq cinayətini törədəndən sonra Bakı şəhərinə gəldim. 2500 ABŞ dollarına burada yerləşən "Röyal" bankdan ilkin ödəniş edərək "VAZ 2107" markalı avtomaşın aldım. Sonra isə hər ay həmin banka 274 manat ödəmişəm. Təxminən 5-6 aydan sonra maşını 3500 ABŞ dollarına satmışam. Oğurladığım pulları barlarda xərcləmişəm. Mehdi Əliyevin evindən oğurladığım qızıl-zinət əşyaları və pul ümumilikdə 14-15 min manat civarında olardı".
"Məqsədim maşın almaq idi"
İkram Mustafayev daha sonra qeyd edib ki, 5 yanvar 2014-cü ildə Güləbatının toyda olacağını əvvəlcədən bilib: "Həmin gün axşam saat 19:30-da hasardan aşaraq Güləbatının həyətinə daxil oldum. Evin qapısı bağlı idi. Bu səbəbdən dəmir parçası ilə pəncərənin dəmir barmaqlığını sındırdım və mənzilə daxil oldum. Evdən qızıl-zinət əşyaları və 350 manat pul götürərək oradan uzaqlaşdım".
Onun sözlərinə görə, yanvarın 15-də tanışı Rüstəmin "BMW" markalı maşını ilə Bakı şəhərinə gəlib: "Səhəri gün satlıq qızıl-zinət əşyalarımın olduğunu Rüstəmə bildirdim. Ondan müştəri tapmasını xahiş etdim. Rüstəmin vasitəsilə Maarif ilə tanış oldum. Oğurladığım qızıl-zinət əşyalarından iki ədəd qızıl üzük və 1 ədəd qızıl saatı Maarifə göstərdim. Ona həmin əşyaları satmaq istədiyimi bildirdim. Alıcı qızıl-zinət əşyalarını probuna görə tərəzidə ayrı-ayrılıqda çəkdi. O, ümumilikdə qızıl-zinət əşyalarının 400 qrama yaxın olmasını, 9400 ABŞ dolları verəcəyini bildirdi. Həmin alıcı bir saat ərzində pulu gətirəcəyini dedi. Təxminən bir saatdan sonra müştərinin çağırışı ilə Maarif getdi. 15 dəqiqədən sonra geri qayıdan Maarif 9400 ABŞ dollarını sayaraq mənə verdi. Pulu götürəndən sonra Maarifdən ayrıldım və Rüstəmin idarə etdiyi avtomaşınla "Badamdar" maşın bazarına gəldim. Məqsədim maşın almaq idi".
"Pulları zərərçəkmişlərə ödəyəcəm"
İkram Mustafayev daha sonra qeyd edib ki, yanvarın 27-də Əyyubu ayaqqabı mağazasına çağırıb və oğurladığı planşeti ona göstərib: "Əyyuba planşeti 130 manata satdım. Mənə qarşı zərərçəkmişlər tərəfindən qaldırılmış mülki iddiaları qəbul edirəm. Həmin pulları ödəməyə heç bir imkanım yoxdur. İmkanım olduqda həmin pulları zərərçəkimişlərə ödəyəcəm".
"Ziyanın ödənilməsini istəyirəm"
Qeyd edək ki, zərərçəkmişlər Mehdi Əliyev 17.798 manat 64 qəpik və Güləbatın Əhmədova 26.735 manat məbləğlərində təqsirləndirilən şəxsə qarşı mülki iddialar qaldırıblar.
Zərərçəkmiş Mehdi Əliyev bildirib ki, hadisə baş verən gün əmisi nəvəsi Xəyal Əliyevin toy məclisində iştirak edib. Onun sözlərinə görə, toy başa çatdıqdan sonra evə qayıdıb və evin dağınıq olduğunu görüb. Zərərçəkmiş əlavə edib ki, evindən pul və qızıl əşyaları oğurlanıb: "Bununla bağlı Zaqatala rayon Polis Şöbəsinə şikayət etdim. Uzun müddət istintaq hərəkətləri aparılsa da, cinayətin üstü açılmadı. 2014-cü il fevralın 18-də polis şöbəsindən mənə dedilər ki, oğurluq hadisəsini həmkəndlim İkram Mustafayev törədib. Həmin qızıl-zinət əşyalarının həyat yoldaşım Kifayətə məxsus olmasına baxmayaraq, onları öz pulumla almışam. İkram Mustafayev evimdən oğurluq edərək mənə ümumilikdə 17.798 manat maddi ziyan vurub. Həmin ziyanın ödənilməsini istəyirəm".
"Evin əlimdən alınması üçün iddia qaldırılıb"
Digər zərərçəkmiş Güləbatin Əhmədova deyib ki, hadisə baş verən günü bacısı oğlu Abdullanın "Talaçay" şadlıq sarayında keçirilmiş toy məclisində iştirak edib. Onun sözlərinə görə, toy mərasimi başa çatandan sonra evə qayıdıb və evə daxil olan zaman evin qarət olunduğunu görüb. O deyib ki, oğurluq hadisəsinin baş verməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib: "2014-cü ilin fevral ayının 6-da polis əməkdaşları tərəfindən mənə məlumat verildi ki, yaşadığım evdən oğurluq edən şəxs İkram Mustafayevdir. Mənə vurulmuş maddi ziyan İkram Mustafayevin valideynləri tərəfindən mənzil verilməklə ödənilib. Lakin hazırda həmin evin mənim əlimdən alınması üçün Zaqatala rayon Məhkəməsində iddia qaldırılıb. Mənə vurulmuş ziyanın ödənilməsi üçün mülki iddia vermişəm. İddiamın təmin olunmasını və dəymiş ziyanın ödənilməsini tələb edirəm".
Məhkəmənin hökmü ilə İkram Mustafayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin zərərçəkmişlərin mülki iddiasını təmin edib. İkram Mustafayevdən 17.798 manat 64 qəpik tutularaq Mehdi Əliyevə, 26.735 manat isə tutulmaqla Güləbatın Əhmədovaya ödənilməsi barədə qərar qəbul edilib.
Hacı Zeynalov