Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Fərhad Dəmirov və Şəhriyar Qeybullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Fərhad Dəmirovun sığorta ödənişinin verilməsi üçün Xaçmaz rayon sakini Asif Məlikovdan 1200 manat məbləğində pul vəsaitini istəməsi barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Keçirilmiş əməliyyat tədbirləri zamanı Fərhad Dəmirov 17 noyabr 2020-ci il tarixdə 1200 manat məbləğində pul vəsaitini filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışmaqla sürücüsü olan Şəhriyar Qeybullayev vasitəsilə alan zaman onunla birlikdə cinayət başında yaxalanıb.
19 aprel 1994-cü ildə Ağdam rayonu Güllücə kəndi ətrafında gedən döyüş zamanı yaralanan Asif Məlikov Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının qərarına əsasən hərbi travma alması barədə rəy verilib.
Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə Asif Məlikova 6 min 600 manat məbləğində icbari sığortanın ödənilməsi müqabilində Fərhad Dəmirov ondan 2020-ci ilin noyabr ayının əvvəllərində 1.200 manat pul vəsaitini rüşvət qismində istəyib.
17 noyabr 2020-ci il tarixdə filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışan Şəhriyar Qeybullayev vasitəsilə Asif Məlikovdan həmin pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Fərhad Dəmirov və Şəhriyar Qeybullayevin barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib.