29 Yanvar 2021 10:59
5 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda 14 yaşına çatmayan qızla cinsi əlaqədə ittiham olunan 1991-ci il təvəllüdlü Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Rasim Məmmədov 20 yanvar 2020-ci il tarixdə yaşadığı Sabirabad rayonu Beşdəli kəndindəki evinə qonaq gəlmiş qohumu, 2006-cı il təvəllüdlü Səbinə Əhmədova (ad və soyad şərti verilib – red.) ilə yaşadığı evin yataq otağında cinsi əlaqədə olub.

Azyaşlı qızın bakirəliyi pozulandan sonra Rasim Məmmədovun onunla evlənməsinə şərait yaradılıb.

Bu səbəbdən Səbinə Əhmədova fevralın 1-də Rasim Məmmədovun yaşadığı evə gətirilib.

Rasim Məmmədov 14 yaşlı qızla fevralın 27-dək olan müddətdə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıblar.

Bu müddət ərzində Rasim Məmmədov dəfələrlə 14 yaşına çatmayan qızla cinsi əlaqədə olub.

Bu barədə fakt hüquq-mühafizə orqanlarına çatandan sonra əməliyyat tədbiri görülüb. Rasim Məmmədov həbs olunub.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, Səbinə Əhmədovanı sevir: “Səbinə də məni sevir. Biz həmişə birlikdə olacağıq”.

Zərərçəkmiş Səbinə Əhmədova da təqsirləndirilən şəxsin ifadəsinə uyğun danışıb. O qeyd edib ki, Rasim Məmmədova qarşı heç bir tələbi yoxdur.

Sabirabad rayon Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rasim Məmmədovun vəkili apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Rasim Məmmədovun vəkilinin şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər