Gəncə Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzasında təqsirli bilinən Gədəbəy rayon sakinləri, 1983-cü il təvəllüdlü Elçin Quliyev və 1986-cı il təvəllüdlü Arzu Musayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Gədəbəy rayon Leşkər kənd sakini, 1983-cü il təvəllüdlü Elçin Quliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil qarşı tərəfdən gələn Şəmkir rayon sakini Arzu Musayevin idarə etdiyi “VAZ 21011” markalı avtomobillə toqquşub.
Qəza zamanı “VAZ 2107”-də olan sərnişinlər- Gədəbəy rayon Leşkər kənd sakinləri, 1979-cu il təvəllüdlü Tofiq Əliyev, 1976-cı il təvəllüdlü Rasim Ələsgər və 1980-cı il təvəllüdlü Xaliq Mehdiyev hadisə yerindəcə dünyalarını dəyişiblər. Həmin avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Elçin Quliyev isə xəstəxanaya aparılan zaman yolda keçinib.
“VAZ 21011” markalı avtomobilin sürücüsü qəzada xəsarət almasa da, maşında olan Şəmkir rayon Seyfəli kənd sakini, 1966-cı il təvəllüdlü Gülnarə Hüseynova, Şəmkir rayon Çənlibel kənd sakini, 1988-ci il təvəllüdlü Mübariz İsmayılov və Gədəbəy rayon Leşkər kənd sakini İmran Orucov ağır bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Hacı Zeynalov