11 Fevral 2021 12:14
2 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadını şantaj etməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Teymur Sadiqi-Raşidinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Teymur Sadiqi-Raşidi 2015-ci ildən 2020-ci ilin yanvar ayının əvvələrinədək qeyri-rəsmi ər-arvad münasibətində olduğu Sahibə Vəliyeva (ad-soyad şərti verilib-red.) ilə müxtəlif vaxtlarda birlikdə çəkdirdiyi fotoşəkilləri, eləcə də, “WhatsApp” ani mesajlaşma sistemi ilə aparılan danışıqları onun rəsmi nikahda olan əri Sadiq Vəliyevə və digər ailə üzvlərinə göndərəcəyini bildirib.

Evli qadın niyə şantaj olundu?

Teymur Sadiqi-Raşidi Sahibə Vəliyevanın haqqında rüsvayçı məlumatları yayma hədəsi ilə 2020-ci ilin mart ayının əvvələrində ondan 10.000 ABŞ dolları tələb edib.

Sahibə Vəliyevanın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə vermiş olduğu ərizə əsasında əməliyyat keçirilib. Teymur Sadiqi-Raşidi Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Bravo” marketin qarşısında Sahibə Vəliyevadan 1000 manatı alarkən saxlanılıb.

İstintaq orqanı tərəfindən Teymur Sadiqi-Raşidinin barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

“Yaxın münasibətlərimiz yarandı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur Sadiqi-Raşidi elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, əvvəllər ailəli olub, 2015-ci il tarixdə rəsmi olaraq boşanıb: “Özümə məxsus “Nissan Teana” markalı avtomobilim ilə taksi fəaliyyəti ilə məşğul olmuşam.

Sahibəni 2015- ci il tarixdən tanımışam. Bizim ilk tanışlığımız Mərdəkan qəsəbəsində dəniz kənarında olub. Sahibə özünü subay kimi təqdim etdi və ərinin rəhmətə getdiyini, 3 uşağı ilə birlikdə yaşadığını bildirdi. Sonradan yaxın münasibətlərimiz yarandı. Sahibə dedi ki, taksi fəaliyyəti ilə məşğul olma, hər ay 1000 manat məbləğində mənə pul verəcək. Mən də Sahibənin uşağının məktəbə aparılması və digər işlərində taksi faliyyəti göstərdim. Sahibə hər ay mənə 1000 manat pul verirdi”.

“Əri olduğunu bildim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Sahibə öz evində yaşayıb: “Mən özüm Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayə ev tutmuşam. Sahibə həftədə 1-2 dəfə həmin evə gəlirdi.

Bu formada təxminən 4 il mehribanlıqla əlaqə saxladıq, görüşdük. Son zamanlarda Sahibənin ərinin olduğunu bildim. Bundan sonra aramızda soyuqluq yarandı. Axır vaxtlar mənə bir çox adamlar zəng edərək Sahibədən aralı gəzməyi, əks təqdirdə başıma oyun açacaqlarını bildirdilər”.

“Məni məhv edəcəyini bildirdi”

Teymur Sadiqi-Raşidinin ifadəsinə görə, Sahibə ondan 2020-ci ilin yanvar ayında Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə şikayət edib: “Məni bölmədən çağıraraq Sahibə xanımı narahat etməməyi dedilər. Özüm də orada iltizam yazaraq bu barədə vəd verdim.

Sonradan Sahibə özü zəng etdi və ad günümdə mənə “İphone” markalı mobil telefon aldı. O ərəfədə bir nömrədən zəng gəldi və kişi səsi ilə danışan şəxs Sahibə xanımdan uzaq durmasam, məni məhv edəcəyini dedi. Həmin şəxs özünü Sahibə xanımın qohumu kimi təqdim etdi. Onun adı Fuad idi.

Sahibədən uzaq durmağımla bağlı məni hədələdiyi üçün həmin şəxs barəsində Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə şikayət etdim”.

“Pul aşkar olundu”

Teymur Sadiqi-Raşidi qeyd edib ki, 2019-cu ilin yay aylarında “Mercedes” markalı avtomobilini satıb və əldə etdiyi 10.000 ABŞ dolları pulu saxlamaq üçün Sahibəyə verib:

“Sonrakı müddətdə Sahibə aldığı pulu qaytarmadı. Mən də 25-ci polis bölməsinə ərizə yazdım. Son günlərdə Sahibəyə heç olmasa 1000 dollar pul gətirməsini bildirdim. Əməliyyat keçirilən günü, saat 15.30-da Sahibə ilə danışdım, Mərdəkan qəsəbəsində “Bravo” marketin qarşısında görüş təyin etdik.

Deyilən saatda oraya gəldim və Sahibə ilə görüşdüm. Mənə 1000 manat verəndə ona dollar verməli olduğunu dedim. Sahibə axşama pulun qalanını çatdıracağını bildirdi. Sahibədən ayrılan zaman 3 nəfər mülki geyimli şəxs mənə yaxınlaşdı, özlərini təqdim edərək üzərimdə şəxsi axtarış keçirilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Sahibədən aldığım 1000 manat pul üzərimdən aşkar olundu”.

“Gündəlik xərclik pulunu vermişəm”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə Vəliyeva bildirib ki, Teymuru 2015-ci il tarixdən tanıyıb: “Bizim ilk tanışlığımız idarə etdiyim avtomobilin Teymurun avtomobilinə dəyməsi zamanı yarandı.

Teymurun idarə etdiyi “Vaz 2107” markalı avtomobilin təmir pulunu verdim. Beləcə münasibətlərimiz yarandı. Əvvəllər Teymura dost kimi maddi köməklik etmişəm. Teymurun şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, evinin kirayə pulunu, gündəlik xərcliyini vermişəm”.

“Hədə-qorxu ilə pul istədi”

Sahibə Vəliyevanın sözlərinə görə, yaxın münasibətləri olduğundan Teymurla birlikdə çəkdirdikləri şəkillər onun telefonunda olub: “Teymura göndərdiyim şəkillərimi silməyib, telefonunda saxlayıb. Həyat yoldaşım bina evində yaşaya bilmədiyi üçün Mərdəkanda yerləşən həyət evində qalırdı.

Son zamanlar Teymurun məndən pul tələblərindən bezmişdim. O, məndən hər dəfə hədə-qorxu ilə pul istəyirdi. Pul verməyəndə evimizin yanına gəlib, özündə olan şəkillərimi ərimə göstərəcəyini və münasibətimiz olduğunu ərimə söyləcəyini deyirdi.

Əvvəllər bir neçə dəfə Teymur məni döyüb, xəsarətlər də yetirib. Onun pul tələblərindən bezdiyim üçün zınglərinə cavab vermədim. Bir neçə dəfə evimizin qarşısında məni güddüyü üçün evdən tək çıxmırdım”.

“Teymurdan şikayət etdim”

Sahibə Vəliyeva deyib ki, 2020-ci ilin yanvar ayında Teymur ondan 10 min dollar tələb edib: “Mən ona həmin məbləği verə bilməyəcəyimi dedim. Məndən əl çəkməyəndə Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə Teymurun məni narahat etməsi barədə şikayət etdim. Polisdən Teymurun bir daha narahat etməyəcəyi barədə iltizam alınması ilə əlaqədar cavab gəldi.

Həmin vaxtdan sonra Teymur gedərək yalandan Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə şikayət etdi. Bildirdi ki, guya mənə saxlamağım üçün 10 min ABŞ dolları pul verib.

Teymur mənə dedi ki, polisə yazdığı həmin ərizə əsasında həyat yoldaşımı polisə çağıracaqlar, ərim də aramızda münasibətimizi biləcək. Qorxduğumdan yenə Teymurun tələbi ilə ona 1500 dollar verdim”.

“Münasibətinin olduğunu ərimə deyəcəyini bildirdi”

Sahibə Vəliyeva deyib ki, sonuncu dəfə Teymur ondan yenə pul istəyib: “Bundan sonra məndən əl çəkəcəyini bildirdi. Teymurdan qorxuduğum üçün ona 200 dollar verdim.

Teymur yenidən məndən 10 min dollar istədi, səs yazısı göndərərək, imtina etdiyim təqdirdə bütün şəkilləri ərimə göndərəcəyini və zəng edərək mənimlə münasibətinin olduğunu ərimə deyəcəyini bildirdi.

Atıq Teymurun məndən əl çəkməyəcəyini başa düşdüm, Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə ərizə ilə müraciət etdim. İdarədə Teymurla görüşərək verməyim üçün 10 ədəd 100 manatlıq olmaqla 1000 manatlıq nömrələnmiş və kserosurətləri çıxarılmış pullar verildi. Həmin gün saat 15.30-da Mərdəkan qəsəbəsində yerləşən “Bravo” marketin qarşısında Teymurla görüşdüm, 1000 manatı ona verdim. Teymur polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparıldı”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrlik etdiyi kollegiyada baxılıb.

Teymur Sadiqi-Rəşidi 8 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər