Şabran rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan Araz Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il oktyabrın 27-də saat 22 radələrində Şabran rayon sakini 1991-ci il təvəllüdlü Rəşad Qasımova çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü Araz Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Rəşad Qasımovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Araz Abbasovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.