16 Fevral 2021 12:12
2 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda arvadını öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Şəhriyar Aslanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Şəhriyar Aslanlı faktiki nikah münasibətində olduğu Səkinə Misirlinin başqa kişilərlə telefonda danışmasından şübhələnib.

O, arvadının başqa-başqa kişilərlə telefonda danışdığını izləyib, öz şübhələrini təsdiqləyib.

Şəhriyar Aslanlı 27 iyul 2019-cu ildə, saat 16 radələrində Səkinə Misirlini öldürmək qərarına gəlib. İmişli rayonunun Sarıxanlı kəndində yaşadığı evdə mətbəxdən götürdüyü bıçaqla Səkinə Misirlinin valideynlərinin həmin kənddə olan evinə gəlib. Evin giriş qapısı ilə üzbəüz yerləşən otağında Səkinə Misirli ilə təklikdə söhbət edib, şübhələndiyi məsələlərlə bağlı suallara Səkinə Misirlinin cavab vermədiyini görüb. Köynəyinin altında gizlətdiyi bıçağı çıxarıb və Səkinə Misirliyə çoxsaylı zərbələr vurub.

Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Şəhriyar Aslanlının barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhriyar Aslanlı 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Şəhriyar Aslanlı apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Şəhriyar Aslanlının şikayətinə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Şəhriyar Aslanlının şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər