2 Mart 2021 17:42
3 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda özünü “general” kimi təqdim edərək dələduzluq etməkdə təqsirli bilinən Firdovsi Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Firodvsi Ələkbərov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı İsmayıl Ağayev ilə general rütbəli xüsusi geyim formasında görüşərək özünü ona mərkəzi ofisi Fransa Respublikasında olmaqla dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri fəaliyyət göstərən, geniş səlahiyyətlərə malik olan İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin (İnternational Human Rights Defence Committee (CIPDH) nüfuzlu beynəlxalq təşkilatın Asiya layihəsi üzrə rəhbəri kimi təqdim edib.

Firdovsi Ələkbərov təşkilat tərəfindən özünə general rütbəsi verildiyinə, təşkilatın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmasını həyata keçirəcəyinə inandırmaqla İsmayıl Ağayevin inam və etibarını qazanıb.

Daha sonra Firdovsi Ələkbərov İsmayıl Ağayev ilə əvvəlcə həmin təşkilatın eksperti, daha sonra isə təşkilatın Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin etdirəcəyini, təşkilat tərəfindən ona səlahiyyətlərini maneəsiz həyata keçirmək və dünyanın istənilən ölkəsində sərbəst hərəkət etmək imkanı verən general rütbəsi, diplomatik pasport və təşkilatın nişanının veriləcəyinə dair yalan vəd verib.

Firdovsi Ələkbərov bu adla 2015-ci ilin oktyabr ayında Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən mərkəzinin binasında İsmayıl Ağayevdən həmin dövrün məzənnəsi ilə 5.248 manat təşkil edən 5.000 ABŞ dolları, 2016-cı ilin mart-aprel aylarında həmin dövrün məzənnəsi ilə 8.228 manat təşkil edən 5.000 ABŞ dolları, 2017-ci ilin oktyabr ayında 5.000 manat, 2017-ci ilin oktyabr ayında 5.000 manat və 2018-ci ilin oktyabr ayında 1500 manat alıb. O, əvəzində İsmayıl Ağayevə komitənin nümayəndəliyinin direktoru vəzifəsinə təyin edilməsi, ona general-mayor xüsusi rütbəsinin verilməsi, həmin rütbəyə uyğun forma və nişan daşımaq hüququna malik olmasını təsdiq edən həmin təşkilat tərəfindən İngilis dilində hazırlanmış saxta əmri, komitənin idarə heyətinin qərarı ilə təşkilatın Azərbaycan nümayəndəliyinin direktoru vəzifəsinə təyin edilməsi haqqında Fransız dilində hazırlanmış Müdafiəsi Komitəsi nümayəndəliyinin direktoru vəzifəsini tutması və general-mayor xüsusi rütbəsinə malik olmasını təsdiq edən həmin təşkilat tərəfindən saxta diplomatik etimad sənədini (Diplomatic credential) təqdim etməklə satıb.

Bundan başqa, Firdovsi Ələkbərov zərərçəkmiş Elçin Axundzadəni də eyni üsulla aldadıb. O, Elçin Axundzadəni təşkilatın Azərbaycan Respublikasındakı nümayəndəliyində rəhbər vəzifəyə təyin etdirəcəyini, təşkilat tərəfindən ona səlahiyyətlərini maneəsiz həyata keçirmək və dünyanın istənilən ölkəsində sərbəst hərəkət etmək imkanı verən polkovnik rütbəsi, diplomatik pasport və təşkilatın nişanının veriləcəyinə dair yalan vəd verib. Aldatma yolu ilə Elçin Axundzadədən 3000 manat alaraq dələduzluq edib.

Daha sonra Firdovsi Ələkbərov Təşəkkül Musayevi də eyni üsulla aldadaraq, ondan 6 minmanat alıb.

İstintaq orqanı tərəfindən Firdovsi Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham elan edilib.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Firdovsi Ələkbərovun barəsində irəli sürülən Cinayət Məcəlləsinin 320.1-ci maddəsi sübuta yetirilməyib. Ona həmin maddə ilə bəraət verilib.

Firdovsi Ələkbərov Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib və ona 1 il 1 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsinin qoyulub.

Firdovsi Ələkbərovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və başqa yerə getməmək qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan Firdovsi Ələkbərov apelyasiya şikayəti verib. O, barəsində olan Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraətverici əsaslarla xitam verilməsi barədə hökm verilməsini xahiş edib.

Firdovsi Ələkbərovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, apelyasiya şikayəti təmin olunub və Firdovsi Ələkbərov 2 min manat cərimə olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər