4 Mart 2021 15:52
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bibisini öldürməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Orxan Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Orxan Allahverdiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin iyulun 17-də saat 17 radələrində Sabunçu rayonu ərazisində 1958-ci il təvəllüdlü Afət Allahverdiyevanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Orxan Allahverdiyevin birlikdə yaşadığı bibisi Afət Allahverdiyevanı şəxsi münasibətlər zəminində münaqişə nəticəsində küt alətlə baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Allahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Istintaq orqanı tərəfindən Orxan Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər